Xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəbli paltarları və dərs ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir

ÇapE-poçt

Muxtar respublikamızda yaşayan uşaqlar, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan ailələrdən olan uşaqlar daim diqqət mərkəzində saxlanılır, onların sosial vəziyyətlərinin yaxşılaşması üçün tədbirlər görülür. Belə ki, uşaqların sağlam böyümələri, biliklərə yiyələnmələri, milli və mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişmələri istiqamətində həyata keçirilən tədbirlər bu qəbildən olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.

Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir. Həmin tədbirlərin davamı olaraq 15 – sentyabr Bilik Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə yuxarıda adıçəkilən kateqoriyadan olan uşaqlara məktəbli geyimləri və dərs ləvazimatları təqdim olunub.

Bu münasibətlə sentyabrın 10-da Naxçıvan Dövlət Texniki Kollecində təşkil olunan tədbiri giriş sözü ilə təhsil naziri Rəhman Məmmədov açaraq qeyd etmişdir ki, muxtar respublikamızda bütün qəbildən olan uşaqlar dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması diqqət mərkəzindədir. Vurğulanıb ki, dövlətimizin gənclərə və uşaqlara böyük diqqət və qayğısının bəhrələri bu gün muxtar respublikamızda aydın görünür. Uşaqların yalnız tədris prosesindəki fəaliyyəti deyil, eyni zamanda asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq mühitində böyüməsi, intellektli və sağlam yetişmələri diqqətdə saxlanılır, istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün innovativ layihələr tətbiq olunur.

Təhsil naziri qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılmış, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlamış, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilmişdir. Yaradılan şərait, onların vaxtaşırı zəruri ehtiyaclarının ödənilməsi sağlamlıq imkanları məhdud uşaqların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirir. Yaradılan şəraitin nəticəsidir ki, fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq həmin kateqoriyadan onlan uşaqların öz həmyaşıdları ilə bərabər təhsilə cəlbinin davamlılığı təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”ndan ətraflı bəhs etmiş, muxtar respublikada bu sahəyə göstərilən diqqət və qayğıdan danışmışdır. Nazir qeyd etmişdir ki, keçirilən tədbirlər uşaqların daha da yüksək səviyyədə təhsil almalarında, həmçinin sosial problemlərinin həllində mühüm rol oynayır. Artıq muxtar respublikada ənənə halını almış bu cür tədbirlər muxtar respublika rəhbərinin təhsilə, eləcə də uşaqlara göstərdiyi diqqət və qayğının nəticəsidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Ramilə Seyidova çıxış edərək şagirdləri qarşıdan gələn 15 sentyabr-təhsil ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulamışdır.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun rəhbərliyi altında uşaqlar dövlət qayğısı ilə əhatələnərək onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili, intellektual və mənəvi inkişafı təmin olunmaqdadır. Muxtar respublikada yaşayan bütün uşaqlar kimi valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, xüsusi qayğıya ehtiyacı olan və çoxuşaqlı ailələrin uşaqları da dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Belə ki, onların hüquqlarının qorunması, sosial müdafiələrinin gücləndirlməsi ilə bağlı proqramlar qəbul edilir və icra olunur, həyat şəraitlərinin öyrənilməsi üçün yaşadıqları ünvanlarda monitorinqlər keçirilir. Bu gün keçirilən tədbiri də uşaqlara göstərilən diqqət və qayğının daha bir təzahürü kimi ifadə etmək olar. Ramilə Seyidova bildirmişdir ki, 15 sentyabr Bilik Günü ilə əlaqədar keçirilən bu tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi qayğıya ehtiyacı olan, o cümlədən şəhid, sağlamlıq imkanları məhdud, tək valideynli, çoxuşaqlı, qazi uşaqları olmaqla muxtar respublikanın bütün rayon və şəhərlərini əhatə edən 115 uşağa məktəbli forması və dərs ləvazimatlarının verilməsi nəzərdə tutulmuşdur. Həyata keçirilən bu tədbirlər dövlətimizin uşaqlara göstərdiyi qayğının və ailələrə edilən dəstəyin bariz nümunəsidir.

Komitə Sədri ailələrə və uşaqlara göstərilən bu diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbova dərin minnətdarlığını bildirmişdir.

Tədbirdə iştirak edən xüsusi qayğıya ehtiyacı olan ailənin övladı Tağılı Rza Şəmsi oğlunun valideyni Tağıyeva Turanə çıxış edərək qarşıdan gələn yeni tədris ili münasibəti ilə tədbirdə iştirak edən bütün uşaqları təbrik etmiş, dərslərində yeni-yeni uğurlar və nailiyyətlər arzulamışdır. Muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edən Turanə Tağıyeva bildirmişdir ki, övladlarına da artıq bir neçə ildir ki, dövlətimiz tərəfindən məktəbli forması, dərs ləvazimatı verilir. Qeyd etmişdir ki, bu tədbirlərin keçirilməsi dövlətimiz tərəfindən ailələrə bir tərəfdən maddi dəstəkdirsə, digər tərəfdən ailələrə, eləcə də uşaqlara göstərilən mənəvi dayaqdır.

Çıxışının sonunda Turanə Tağıyeva göstərilən bu diqqətə və qayğıya görə öz adından və bütün valideynlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbova dərin minnətdarlığını bildirmişdir.

Sonra xüsusi qayğıya ehtiyacı olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlara məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları verilib.

Qeyd edək ki, bu tədris ilində 24 nəfər hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 168 xüsusi qayğıya ehtiyacı olan, 6 şəhid, 301 sağlamlıq imkanlıarı məhdud uşaq olmaqla, ümumilikdə, 499 uşağa təhsil sovqatı təqdim olunub.

Məlumat üçün bildirək ki, muxtar respublikanın bütün rayonlarında analoji tədbirlər keçirilmişdir.

Joomla 1.5