Müsabiqələrin qalibləri mükafatlandırılıb

ÇapE-poçt

2021-ci il oktyabrın 28-də Naxçıvan Muxtar Respublikasının  Gənclər Fondunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gənclər və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar, dərnək üzvləri, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbiri giriş sözü ilə açaraq  ölkəmizdə eləcə də Naxçıvan Muxtar Respublikasında həyata keçirilən  dövlətin ailə siyasətindən  ətraflı bəhs etmişdir. Bildirmişdir ki, “Ailə dəyərləri, ailə  ənənələri, milli mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir” -  deyən ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində milli dəyərlərimizdən olan ailə institutunun qorunub saxlanmasına və zənginləşməsinə, cəmiyyətdə ailənin nüfuzunun və rifah halının daha da yüksəlməsinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmiş, müvafiq sahə ilə bağlı qanunvericilik bazası formalaşmışdır. Dövlətin ailə siyasəti  ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə muxtar respublikada ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Naxçıvan ailəsi möhkəm, özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır. Həmçinin ailə siyasətinin tərkib hissəsi olan qanunvericilik bazasının ailə dəyərlərimizə uyğun  möhkəmləndirilməsi, ailə, qadın və uşaq məsələlərinin həllinin  cəmiyyətin  müsbət yöndə  inkişafına  təsir edəcək tədbirlər  görülmüşdür. Çünki ailə, qadın və uşaq məsələləri cəmiyyətin təməlini təşkil edir və cəmiyyətdə ən həssas amil hesab olunur.

 

Bu strategiyanın əsas qayəsini sosial-iqtisadi inkişafın düzgün istiqamətləndirilməsi və dəyərlərimizin mənimsədilməsi təşkil etmişdir. Muxtar respublikada ailələrin sosial baxımdan güclü olması üçün əhalinin məşğulluq səviyyəsi yüksəldilmiş, ailələrin ildən-ilə gəlirləri artmış, mənəvi sağlamlığının qorunması ilə bağlı ailə dəyərlərimiz geniş təbliğ olunmuşdur. Həmçinin sosial qayğıya ehtiyacı olan ailələrin, şəhid, qazi ailələrinin sosial problemlərinin öyrənilməsi və həlli ilə əlaqədar tədbirlər görülmüş, xüsusi qayğıya ehtiyacı olan ailələr özünəməşğulluq proqramına cəlb edilmiş, gənc ailələrin mənzillə təmin olunması üçün genişmiqyaslı tədbirlər görülmüşdür. Çıxışda ailə dəyərlərindən ətraflı bəhs edən Komitə sədri bildirmişdir ki, ailə dəyərləri əsasında  ailələr formalaşır, ailələrin əsasında  cəmiyyət formalaşır. Ailələr  nə qədər sağlam olarsa cəmiyyət də o qədər sağlam olar. Çünki cəmiyyətin inkişafı ailələrdən asılıdır. Hər bir cəmiyyətin özəyi ailədir. Ailə milli- mənəvi dəyərlərin, o cümlədən  ailə dəyərlərinin daşıyıcısıdır. Ailələrin sağlam olması üçün  ailələrdə  Azərbaycan ailə dəyərləri daim ali səviyyədə dayanmalıdır. Həmçinin  muxtar respublikada  gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Ailə adət-ənənəmizdə çoxəsrlik tarixə malik olan ağsaqqal və ağbirçək institutu mövcuddur. Məhz bu institutun fəaliyyəti ailə üzvləri, eləcə də ailələr arasında ünsiyyətin formalaşmasında, ailə xüsusiyyətlərinin nəsildən-nəsilə ötürülməsində mühüm rol oynayır.

R.Seyidova muxtar respublikada ailələrə  yaradılan  və göstərilən hərtərəfli qayğıya görə Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.

Komitə sədri  bildirmişdir ki, müsabiqələrin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, vətənpərvərlik milli adət- ənənələrimizi ictimaiyyətə, gənclərə təqdim etmək, gənclərdə və həvəskar şəxslərdə yaradıcılıq qabiliyyətini aşkar etmək və bədii zövqü inkişaf etdirməkdir. Bildirilmişdir ki, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə 34 müəllifin 41 rəsm, 40 müəllifin  40 inşa yazı, 5 müəllifin 5 dekorativ işi olmaqla, ümumilikdə, 86 iş təqdim olunub.  Gənclər və istedadlı şəxslər arasında keçirilən yaradıcılıq müsabiqəsində “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsinə isə 49 foto və 5 film olmaqla, ümumilikdə, 54 film və foto təqdim olunub. Gənclər və həvəskar yaradıcı insanlar arasında keçirilən bu müsabiqələrə təqdim edilən işlərin hər birində  ailə dəyərlərimizin, adət-ənənələrimizin, ailə birliyinin qorunub saxlanılması, ailədə sülh və dözümlülük ənənəsinin təbliğ edilməsi və milli vətənpərvərlik ruhunda gənclərin yetişməsi təbliğ edilmişdir.

Həmçinin Ramilə  Seyidova müsabiqə qaliblərini təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev  muxtar respublikada həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs etmiş, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin yaşadılaraq gənc nəsillərə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyətinə toxunmuşdur. Qeyd olunmuşdur ki, belə tədbirlər artıq muxtar respublikada ənənə halını alıb. C.Quliyev milli dəyərlərimizin yaşadılması işində dövlət qurumları arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiklərini bildirmiş və davamlı olacağına inamını ifadə etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin  Tarix, Etnoqrafiya və Arxeologiya İnstutunun şöbə müdiri Asəf Orucov keçirilən müsabiqənin gənclər üçün əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, təşkil olunan müsabiqələr gənc nəsildə ailə dəyərlərinin, eləcə də ənənəvi dəyərlərin formalaşmasında və inkişafında mühüm rol oynayır. Ailənin mənəvi sağlamlığı bütövlükdə cəmiyyətin sağlamlığı deməkdir. Bu mənada ailə dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə layiqincə aşılanması həm gələcək inkişafımıza birbaşa təsir edən amildir, həm də ali dəyərlərin düzgün şəkildə formalaşmasına zəmin yaradır. Ailə dəyərlərinin təbliğində bu səpkidə müsabiqələrin təşkil olunması milli-mədəni dəyərlərimizi gənc nəsilə daha dolğun şəkildə mənimsətmək və Azərbaycan ailəsinin genefondunu qoruyub gələcək nəsillərə çatdırmaq kimi bir məsuliyyətli missiyanı yerinə yetirməkdir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin əməkdaşı, rəssam Nizami Alıyev çıxış edərək belə tədbirlərin keçirilməsinin bugünkü gənclərimizin milli ruhda yetişmələri, bacarıq və istedadlarının üzə çıxarılması üçün çox vacib olduğunu bildirmiş və müsabiqəyə təqdim olunmuş rəsm işlərinin çox həssaslıqla seçildiyinə diqqət çəkmişdir.

“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm  müsabiqəsində  qalib olmuş istedadlı şəxslər diplom və hədiyyələrlə təltif olunmuşlar.

“Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsində qalib olmuş  istedadlı  şəxslərdən 2 nəfər I yer olmaqla hər birinə 200 manat, 2 nəfər II yer olmaqla hər birinə 150 manat, 2 nəfər III yer olmaqla hər birinə 100 manat pul mükafatı, 8 nəfər isə həvəsləndirci yer olmaqla hər birinə hədiyyə və diplom təqdim olunub.

Sonda “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsində təqdim edilmiş fotolardan ibarət hazırlanmış videoçarxa baxış olmuş,  həmin müsabiqədə “Ən yaxşı film” nominasiyasına layiq görülmüş film izlənilmiş və “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə təqdim edilmiş rəsm və əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.

Joomla 1.5