Xalçaçılıq təlimi keçirilib

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il oktyabr ayının 30-da qədim xalçaçılıq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında xalçaçılıq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilmişdir.

Təlimdə 9 sağlamlıq imkanları məhdud, 4 xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü qadın və Şahbuz Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 3 dərnək rəhbəri olmaqla, cəmi 16 nəfər qadın iştirak edib.

Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs etmiş, bundan sonra da bu işlərin davamlı olacağını diqqətə çatdırmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının şöbə müdiri Tarverdi Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu gün həyata keçirilən xalçaçılıq təliminin də görülən işlərin davamı olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, bu gün də muxtar respublikada xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirilir. Muxtar respublikada geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi yaşadılır və təbliğ olunur.

Sonda təlimçi istedadlı xalça ustası Həcər Hümbətova təlimə əyani vəsaitlərdən istifadə etməklə başlamışdır.

Joomla 1.5