Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara qış geyimləri verildi

ÇapE-poçt

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə valideynlərini itirmiş, aztəminatlı, sağlamlıq imkanları məhdud və şəhid uşaqlarına qış geyimləri verilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqlar xüsusi qayğı ilə əhatə olunur, onların zəruri ehtiyacları üçün lazımi köməklik göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter alıb, onların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası təmin olunub. Həmçinin onların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq mühitində böyümələri üçün məktəbdənkənar təhsil müəssisələrinə cəlbi diqqətdə saxlanılır, onlar müxtəlif innovativ dərnəklərdə öz bacarıqlarını inkişaf etdirirlər.

Bu kateqoriyadan olan uşaqların təhsilinə göstərilən dövlət qayğısının nəticəsidir ki, muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılıb, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlayıb, görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilib. Yaradılan şərait nəticəsində fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq həmin kateqoriyadan olan uşaqların öz həmyaşıdları ilə bərabər təhsilə cəlbinin davamlılığı təmin edilib.

Diqqətə çatdırılıb ki, bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.

Tədbirdə sosial qayğıya ehtiyacı olan şagirdlərin valideynləri adından çıxış edən Gülnar İsmayılova bu kateqoriyadan olan uşaqlara göstərdiyi qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə qış geyimləri verilib.

Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 24, sağlamlıq imkanları məhdud 295, aztəminatlı ailələrin övladlarından isə 173 olmaqla, ümumilikdə, 492 məktəbliyə qış geyimi verilib.

Noyabrın 16-da muxtar respublikanın rayonlarında da aidiyyətı təşkilatların və rayon İcra Hakimiyyətlərinin nümayəndələri tərəfindən sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimləri verilib.

Joomla 1.5