Muxtar respublikada uşaqlarla bağlı müsbət statistika aparılan uğurlu sosial siyasətin göstəricisidir

ÇapE-poçt

Uşaqlar dövlətin ən qiymətli sərvətidir. Ona görə dövlət tərəfindən bu qiymətli sərvəti qorumaq, onun təhsilinə, təlim-tərbiyəsinə, mənəvi-psixoloji vəziyyətinə, sağlamlığına, eləcə də layiqli vətəndaş kimi yetişmələrinə hərtərəfli şərait yaradılır.

Bu sahədə görülən tədbirlər artıq özünü bariz şəkildə göstərməkdədir. Məlumdur ki, muxtar respublikada əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması öz növbəsində körpə ölümləri üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır. Həmçinin muxtar respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət öz növbəsində əhalinin güzəranının yaxşılaşmasına, məskunlaşmanın sıx dinamikasına əsas yaratmışdır. Bu isə demokrafiq vəziyyətin müsbətə doğru dəyişməsi ilə müşayiət olunmaqdadır.

Uşaqların mövcud statistikasına nəzər salsaq görərik ki, cari ilin yanvar-sentyabr aylarına olan məlumata əsasən muxtar respublikada 165652 uşaq yaşayır. Bu da ümumi muxtar respublika əhalisinin 36.80%-ni təşkil edir. Muxtar respublikada yaşayan uşaqların sayı ötən illə müqayisədə 0.08% çoxdur. Cari ilin 9 ayı ərzində muxtar respublikada 3014 nəfər uşaq doğulmuşdur ki, bu da hər gün orta hesabla 8-10 körpənin dünyaya gəlişi deməkdir. Cari ilin müvafiq dövrü ərzində 12-si qızlar olmaqla, 22 əkiz uşaq dünyaya gəlmişdir. Muxtar respublikada yaşayan uşaqlardan 81-i şəhid, 71-i hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardır ki, onlardan da 36-sı hər iki valideynini itirmiş, 35-i valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Ötən illə müqayisədə müvafiq kateqoriyadan olan uşaqların sayı 3 nəfər və yaxud 4.5% çox olmuşdur. Hazırda muxtar respublikada 1880 sağlamlıq imkanları məhdud uşaq yaşayır. Bu da ötən illə müqayisədə 0.05% azdır. Müqayisə üçün bildirək ki, 2003-cü il təvəllüdlü 134 sağlamlıq imkanları məhdud uşaq qeydə alınmışdırsa, 2019-cu ildə bu göstərici 12, 2020-ci ildə isə bu sahədə müvafiq göstərici qeydə alınmamışdır. Mövcut statistik rəqəmlərdən də məlum olur ki, ildən-ilə sağlamlıq imkanları məhdud uşaqların sayı azalmaqdadır.

Muxtar respublikada uşaqların istedad və bacarıqlarının, intellektual biliklərinin artırılması da hər zaman diqqətdə saxlanılır. Məhz bu səbəbdən istər ölkə, istərsə də beynəlxalq yarışlarda azyaşlı və yeniyetmələr kifayət qədər uğur qazanır, onların bu uğurları lazımınca qiymətləndirilir. Hazırda ölkədaxili və ölkədənkənar bilik yarışlarının qalibi olmuş uşaqların sayı 79 olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 nəfər çoxdur. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na adları qeyd edilmiş uşaqların sayı isə 15, ötən illə müqayisədə 4 nəfər və ya 36.36% çox olmuşdur.

Muxtar respublikada uşaqların təhsilinə ən yüksək səviyyədə qayğı göstərilmiş, bu istiqamətdə lazımi tədbirlər həyata keçirilmiş, ən müasir standartlara cavab verən təhsil mühiti yaradılmışdır. Yaradılan bu şərait ali təhsil müəssisələrinə qəbul imtahanlarında da yüksək nəticələrlə özünü göstərmişdir. Belə ki, cari ildə ali təhsil müəssisələrinə 1621 nəfər daxil olmuşdur ki, onlardan da 261 nəfəri 500-700 intervalında bal toplamışdır. Əlavə olaraq cari il ərzində orta ixtisas təhsil müəssisələrində də yüksək nəticələr əldə olunduğunu qeyd etməliyik. Belə ki, 701 şagird orta ixtisas təhsil müəssisələrinə qəbul olmuşdur ki, bu da ötən illə müqayisədə 544 nəfər çoxdur.

Muxtar respublikada aparılan ugurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən müvafiq uşaq müəssisələrində atılmış uşaq, həmçinin 18 yaşadək olan yeniyetmələr tərəfindən hüquq pozan və cinayət məsuliyyətinə cəlb olunan uşaq yoxdur. Digər müsbət göstərici isə muxtar respublikada uşaq əməyindən istifadə hallarının qeydə alınmamasıdır.

Muxtar respublikanın bütün sahələr üzrə davamlı inkşafı, icra olunan layihələr və atılan konkret addımlar ailə, qadın və uşaq sahəsini də əhatə etməklə gələcəkdə daha da uğurlu, müsbət statistik göstəricilərin ortaya çıxmasına səbəb olacaqdır.

Joomla 1.5