Naxçıvan Dövlət Xalça Muzeyi ziyarət olunub

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi muzey günləri çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyində olublar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada bütün idarə, müəssisə və təşkilatların muzeylərə kollektiv gedişi təmin olunur.

Belə ki, 27 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Dövlət Xalça Muzeyində olublar. Muzey haqqında kollektivə ətraflı məlumat verilmişdir. Ziyarətçilərə bildirilib ki, 1998-ci ildən fəaliyyət göstərən muzey 2010-cu ildən yeni binaya köçürülüb. 2013-cü ildə muzeydə yenidənqurma işləri aparılıb, ekspozisiya yenidən təşkil olunub. Qeyd olunub ki, muzeyin xalçaçılıq sənətinin təbliği, yaşadılması sahəsində özünəməxsus yeri var və Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilir.

Muzeyin fonduna 4000-ə yaxın eksponat toplanıb ki, onlardan 400-dən çoxu ekspozisiyada sərgilənir. Bunlar Naxçıvan qrupuna aid çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, xalçaçılıq məmulatları, məişət əşyalarıdır. Palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalar, sujetli, portret və miniatür xalçalar, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, duz torbası və digər eskponatlardır.

Məlumat verilib ki, xalçalar üzərində olan naxışlar 4 qrupa bölünür: həndəsi naxışlar, zoomorf naxışlar (heyvan təsvirləri:quş, maral, qoç, əjdaha və s.), nəbati naxışlar (gül, yarpaq, ağac), antropomorf naxışlar (insan təsvirləri). 2013-cü ildə muzeyin üç dildə internet saytı istifadəyə verilib. Bu da muzeyi virtual səyahət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb.

Ziyarətçilər muzeydən xoş təssüratlarla ayrılıblar

Joomla 1.5