Culfa rayonunda 16 qadının iştirakı ilə təlim keçirilib

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Culfa Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il noyabr ayının 27-də dekorativ tətbiqi sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında təlim keçirilmişdir.

Təlimdə 9 sağlamlıq imkanları məhdud, 2 xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü qadın və Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 5 dərnək rəhbəri olmaqla, cəmi 16 nəfər qadın iştirak edib.

Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Səkinə Fərzəliyeva tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs etmiş, bundan sonra da bu işlərin davamlı olacağını diqqətə çatdırmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Könül Babayeva çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu gün həyata keçirilən dekorativ tətbiqi sənət təliminin də görülən işlərin davamı olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, bu gün də muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilir.

Sonda istedadlı qadın Səkinə Qarayeva təlimə əyani vəsaitlərdən istifadə etməklə başlamışdır.

Joomla 1.5