Muxtar respublikada ailə, qadın və uşaq hüquqları qorunur

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması noyabr ayında da diqqətdə saxlanılmış, bir sıra tədbir, seminar, təlim və monitorinq keçirilmişdir.

Ötən ay özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında qadınların əl işləri satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasında  komitə tərəfindən sərmayə kapitalı alan, eləcə də istedadlı qadınlar tərəfindən ümumilikdə, 5442 adda əl işi və ailə təsərrüfatı məhsulları sərgilənmişdir. Keçirilən 2 günlük satış-yarmarkada 50 qadının 819 adda 2281 manat dəyərində ailə təsərrüfatı məhsulları və əl işi satılmışdır. Hesabat dövrü ərzində 54 qadının 836 adda 3533 manat dəyərində ailə təsərrüfatı məhsulları və əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikasında tək qadınların və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Şəhər və rayon icra hakimiyyətlərindən aid kateqoriyadan olan qadınlar haqqında məlumatlar alınmış, komitədə yaradılmış bazaya əlavə edilmiş, təhlili aparılmışdır. Bununla bağlı Culfa rayonu üzrə 50 qadınla əlaqə saxlanılmış, onlardan 8-nin, Kəngərli rayonu üzrə 1 nəfərin, ümumilikdə 9 nəfərin peşə fəaliyyətinə yönləndirilməsi ilə bağlı komitə tərəfindən müvafiq tədbirlər görülür. Alınan məlumatlar Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi vəTəhsil nazirliklərinə göndərilmişdir. Əlavə olaraq sərmayə kapitalı verilmiş qadınlarla bağlı kataloqun hazırlanması üçün lazımi tədbirlər görülür. Muxtar respublikada həyata keçirilən müvafiq layihələr çərçivəsində sərmayə kapitalı alan qadınlardan 9-nun təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə ilə bağlı monitorinq keçirilmiş, heç bir neqativ hal və nöqsan aşkarlanmamışdır.

Culfa rayonunda yaşayan sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü olan qadınlar üçün dekorativ-tətbiqi sənət sahəsinin öyrənilməsi ilə bağlı təlim keçirilmişdir. Təlimdə istedadlı qadın Səkinə Qarayeva əyani vasitələrdən istifadə etməklə iştirakçılara bu sənətin sirrlərini öyrətmişdir. Təlimdə xüsusi qayğıya ehtiyacı olan ailədən, sağlamlıq imkanları məhdud və Culfa rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin müvafiq dərnək rəhbərləri və dərnək üzvü olmaqla, ümumilikdə, 16 qadın iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına noyabr ayı ərzində 54 uşaq haqqında fərdi məlumatlar daxil edilərək uşaqların sayı 36 min 435-ə çatmışdır. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən ay Şərur, Şahbuz və Kəngərli rayonları üzrə tədrisə cəlb edilmiş 208 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 33 müəssisədə, həmçinin 7 sağlamlıq imkanları məhdud uşağın məktəbəqədər təhsil müəsissələrinə cəlbi ilə bağlı evlərində monitorinq keçirilmişdir. Monitorinq çərçivəsində 2 sağlamlıq imkanları məhdud uşaq məktəbəqədər müəssisəyə cəlb edilmişdir. 2 uşaq müəssisəsində keçirilən monitorinq zamanı uşaq hüquqlarının pozulması halı aşkarlanmamışdır. Şahbuz rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı müvafiq müəssisələrin rəhbər şəxslərinin iştirakı ilə maarifləndirici seminar keçirilmiş, müvafiq sahə ilə əlaqədar hazırlanmış 50 broşür iştirakçılara paylanılmışdır.

Xüsusi qayğıya ehtiyacı olan ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmışdır. Bununla əlaqədar olaraq sosial qayğıya ehtiyacı olan, çoxuşaqlı ailələrin, təkvalideynli, sağlamlıq imkanları məhdud, şəhid, qazi övladı olmaqla, ümumilikdə, 87 uşağa mövsümlə əlaqədar qış geyimi verilmişdir.

2021-ci il 18 noyabr tarixdə Bakı şəhərində keçirilən Azərbaycan Uşaqlarının V Ümumrespublika  Forumunda  Naxçıvan Muxtar Respublikasını 10 uşaq təmsil etmiş, 2-nin birbaşa, 8-nin onlayn formatda iştirakı təmin edilmişdir. Onlayn iştirak edən uşaqlar komitədə lazımi texniki avadanlıqlarla təchiz olunmuş Zoom proqramı vasitəsi ilə tədbirə qoşularaq müzakirələrdə iştirak etmişlər. Forumda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri iştirak etmişdir. 20 noyabr - Ümumdünya Uşaq Günü ilə əlaqədar Həydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilmiş, tədbirdə komitə sədri, təhsil və mədəniyyət nazirləri çıxış etmiş, 2020-2021-ci illər ərzində təhsil, incəsənət və idman sahəsində uğur qazanan 18 uşaq təltif olunmuşdur. Tədbirin bəddi hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər” dərnəyinin və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qruplarının, Naxçıvan şəhər 11 nömrəli Uşaq Bağçasının balaca fidanlarının ifasında vətənpərvərlik mövzusunda kompozisiya nümayiş olunmuşdur. Tədbirin sonunda istedadlı uşaqların rəsm və dekorativ işlərindən ibarət sərgiyə baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Joomla 1.5