2021-ci ilin yekunları ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Kollegiya iclası keçirilib

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələrin müəyyənləşdirilməsi, 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıya qoyulan vəzifələr barədə kollegiya iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Ramilə Seyidova bildirmişdir ki, muxtar respublikada ailə, qadın və uşaq sahəsinə göstərilən xüsusi diqqət və qayğı nəticəsində əhalinin, həmçinin ailələrin maddi rifah halı yaxşılaşdırılır və onların sosial müdafiəsi gündən-günə gücləndirilir.

Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaqların hüquqlarının qorunması istiqamətində qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılmış, görüş, iclas, tədbir, seminar, təlim, monitorinqlər keçirilmiş, “Muzey günləri” çərçivəsində kollektivin muzeyə gedişi təmin edilmişdir. Əlavə olaraq aidiyyəti orqanlardan muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar alınaraq Komitədə yaradılmış bazaya əlavə edilmiş və müqayisəli təhlili aparılmışdır. Komitə sədri bildirmişdir ki, muxtar respublikada 98 min 364 ailə vardır ki, bu da keçən illə müqayisədə 362 və ya 0.4% ailə çoxdur. Bunlardan 1332-si məcburi köçkün ailə, 560-ı şəhid ailəsi sayılan ailədir. Muxtar respublikada yaşayan uzunömürlü 287 ailə haqqında məlumatlar toplanılaraq Komitədə yaradılan məlumat bazasına əlavə edilmişdir.

Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial vəziyyətlərinin araşdırılaraq həll edilməsi məqsədi ilə ailələrə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış, aradan qaldırılması ilə bağlı işlər görülmüş, ailələrə ehtiyaclarına uyğun köməklik göstərilmişdir. Həmçinin bayram günləri ərəfəsində 51 xüsusi qayğıya ehtiyacı olan ailə haqqında məlumatlar hazırlanaraq, onlara ərzaq yardımı göstərilməsi məqsədilə adlı siyahıları aid nazirliyə göndərilmişdir.

Komitə sədri qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gənclər və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında ailə institutunun təbliği məqsədilə “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsi və “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqələri keçirilib. Müsabiqələrin qalibləi təşkilatçılar tərəfindən mükafatlandırılmışdır.

Ramilə Seyidova qeyd etmişdir ki, muxtar respublikada 231 min 400 qadın yaşayır, bu da keçən illə müqayisədə 951 və ya 0.41% çox olması deməkdir. Bu qadınlardan 7772-si sahibkar, 8273-ü əlil, 273-ü sosial xidmətdə olan ahıl (2-i Ahıllar Evində yaşayan), 315-i şəhid ailəsi sayılan qadın, 221-i bələdiyyə üzvü, bunlardan 9-u bələdiyyə sədri, 6157-si idmanla məşğul olan qadınlardır.

Komitə tərəfindən qadınlarla bağlı icra olunan sosial layihələr barəsində məlumat verən Komitə sədri bildirmişdir ki, hesabat dövrü ərzində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin icrası həyata keçirilmişdir. Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” və biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adı altında təlimlərin keçirildiyini diqqətə çatdıran Komitə sədri təlimlərdə 28 sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan qadınların iştirak etdiyini bildirmişdir. Təlimlərin sonunda iştirakçılar tərəfindən biznes planlar hazırlanmış, ən uğurlu biznes plan hazırlayıb təqdim edən qadınlara öz potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verildiyini qeyd edən Ramilə Seyidova bildirmişdir ki, 26 nəfərə sərmayə kapitalı verilmişdir. Ümumilikdə, layihə çərçivəsində verilən sərmayə kapitallarının dəyəri 17 min manat təşkil etmişdir. Həmin sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq, 30 faizi isə dərzilik, xalçaçılıq, dekorativ tətbiqi sənət, silahsazlıq, toxuculuq sahələri ilə məşğul olmaları üçün verilmişdir.

Məlumat verilmişdir ki, hesabat dövrü ərzində qadınlarla bağlı həyata keçirilən layihələrdə sərmayə kapitalı alan 53 qadının iş yeri və təsərrüfat sahələrində sərmayə kapitalından düzgün istifadə olunması ilə əlaqədar monitorinqlər keçirilmişdir. Monitorinq zamanı layihə iştirakçılarının sərmayə kapitalını bağlanmış müqavilələrə uyğun istifadə etmələrinə nəzarət olunması və ayrılmış sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmış, heç bir neqativ hal və nöqsan aşkarlanmamışdır. Əksinə sərmayə kapitalı verilən qadınlar bundan səmərəli istifadə edərək fəaliyyət sahələrini daha da inkişaf etdirərək genişləndirmişlər.

Həmçinin o da qeyd olunmuşdur ki, muxtar respublikanın rayonlarında xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü, əlil qadınlar və müvafiq rayonların aid dərnək rəhbərləri üçün il ərzində 11 dəfə toxuculuq, xalçaçılıq, dekorativ tətbiqi sənət sahəsi üzrə təlimlər keçirilmiş, ümumilikdə, 228 qadın təlimlərə cəlb edilmişdi.

Komitə sədri qeyd etmişdir ki. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2021-ci il üçün İş Planına uyğun olaraq Heydər Əliyev Sarayının foyesində məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış keçirilmişdir. Sərgi-satışda muncuqla iş, dekorativ iş, toxuma, tikmə, dekortiv, toxuma və tikmə tablo, vitraj, yağlı və sulu boya, xalça, ağac üzərində yandırma, taxta üzərində oyma, mis üzərində döymə, ebru, huperrealizm və miniatür sahələri olmaqla, ümumilikdə, 514 müəllifin 7426 əl işi sərgilənmişdir. Sərgi-satışa 10 gün baxış olmuş və sərgi-satış çərçivəsində “Ən yaxşı əl işləri” müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmışdır.

Bildirilmişdir ki, hesabat dövrü ərzində muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında, keçirilən sərgi-satışlarda, yarmarkalarda, ümumilikdə, 532 şəxsin 34223 manat dəyərində 4416 rəsm, əl işi və ailə təsərrüfatı məhsulları satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur.

Muxtar respublikada qadınların məşğulluqlarının təmin edilməsi məqsədilə xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü 72 əmək qabiliyyətli vətəndaş, o cümlədən 67 qadın işlə təmin olunması üçün aid orqanlara göndərildiyini diqqətə çatdıran Komitə sədri bildirmişdir ki, hesabat dövrü ərzində ümumilikdə, 41 qadının peşə kurslarına cəlb olunması üçün tədbirlər görülmüşdür.

Ramilə Seyidova qeyd etmişdir ki, hesabat dövrü ərzində ahıl insanlarımızla da bağlı tədbirlər keçirilmiş, onlara hədiyyələr təqdim olunmuşdur.

Qeyd olunmuşdur ki, muxtar respublika əhalisinin 165 min 507 nəfərini, yəni 35.80%-ni uşaqlar təşkil edir ki, bu da ötən illə müqayisədə 0.4% uşağın çox olduğu deməkdir. Bu uşaqlardan 1880-i sağlamlıq imkanları məhdud, 82-si valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 116-sı övladlığa götürülmüş, 81-i şəhid uşaqları, 16-sı xüsusi istedada malik, 49-u ölkədaxili və ölkədənkənar idman yarışların qalib və mükafatçıları, 79-u ölkədaxili və ölkədənkənar bilik yarışların qalib və mükafatçısı olan, 17-si qızıl və gümüş nişanla orta məktəbi bitirən, 261-i qəbul imtahanlarında 500-700 intervalında bal toplayan, 3-ü Prezident təqüdçüsü olan uşaqlardır.

Bildirilmişdir ki, muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud uşaqların rayon, şəhər, illər və xəstəliklər üzrə təhlili aparılmış, 1382-nin anadangəlmə, 498-nin qazanılmış xəstəliklər nəticəsində sağlamlığını itirmiş uşaqlar olduğu məlum olmuşdur.

Məlumat verilmişdir ki, “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamı ilə təhsil və idman sahəsi üzrə 2 uşağın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür. Bununla da müvafiq kitabda uşaqların sayı 15 nəfər olmuşdur.

Komitə sədri qeyd etmişdir ki, Komitədə yaradılmiş uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının mövcud vəziyyəti ilə bağlı müvafiq sahəyə məsul işçilərin iştirakı ilə iclas keçirilmiş, 2021-ci ildə elektron məlumat bankına 3955 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir ki, hazırda bankın bazasında 36500-dən artıq uşaq haqqında məlumat mövcuddur.

Ramilə Seyidova qeyd etmişdir ki, Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədər 30 uşaq müəssisəsində və uçota alınmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 25 uşağın, tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud 770 uşağın təhsil aldığı 114 uşaq müəssisəsində, sağlamlıq imkanları məhdud 119 uşağın evində monitorinqlər aparılmışdır. Monitorinqlər zamanı heç bir hüquq pozuntusu halı aşkar olunmamışdır. Monitorinqlərin nəticəsində 119 sağlamlıq imkanları məhdud uşaqdan 54 uşaq ümumtəhsil məktəblərinə və məktəbəqədər müəssisələrə cəlb edilmişdir. Həmçinin bildirilmişdir ki, hesabat dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 16 uşağın qeydiyyatı aparılmışdır. Məlumat verilmişdir ki, hazırda 73 nəfər valideyn himayəsindən məhrum uşaq vardır.

Bildirilmişdir ki, uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin, eləcə də uşaq musiqi məktəblərinin müvafiq sahəyə məsul əməkdaşlarına və rəhbər işçilərinə 11 dəfə maarifləndirici seminar keçirilmişdir. Müvafiq sahə ilə əlaqədar hazırlanmış 550 ədəd broşür seminar iştirakçılarına paylanılmışdır.

Həmçinin Komitə sədri uşaqlarla bağlı görülən işlərdən və keçirilən tədbirlərdən ətraflı bəhs edərək məlumat vermişdir ki, “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar Komitə tərəfindən muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilmiş, toplanmış 16 litr qan xəstəxananın Qan Bankına verilmişdir. Həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud olan, valideyn himayəsindən məhrum olan, şəhid uşaqları, çoxuşaqlı, aztəminatlı ailələrin uşaqları diqqətdə saxlanlmış, bayram günlərində və xüsusi günlərdə onlar üçün tədbirlər keçirilmiş, onlara hədiyyələr təqdim olunmuşdur.

Məlumat verilmişdir ki, “15 sentyabr - Bilik Günü” ilə əlaqədar muxtar respublikada yaşayan xüsusi qayğıya ehtiyacı olan, çoxuşaqlı, təkvalideynli, sağlamlıq imkanları məhdud, şəhid, qazi övladı, valideyn himayəsindən məhrum olmuş 118 uşağa məktəbli forması və dərs ləvazimatları, mövsümlə əlaqədar isə 87 uşağa qış geyimi verilmişdir.

Məlumat verilmişdir ki, hesabat dövrü ərzində Komitə tərəfindən kütləvi informasiya vasitələrində ailə, qadın və uşaqlarla bağlı təbliğat işi aparılmışdır. Belə ki, Naxçıvan Televiziyasında 19 televiziya, Naxçıvan Dövlət Radiosunda və “Naxçıvanın səsi” radiosunda 13 radio verilişində maarifləndirici çıxışlar olmuş, Komitənin 82 tədbiri “Xəbərlər” proqramında işıqlandırılmışdır. “Şərq qapısı” qəzetində 61, rayon qəzetlərində isə 43 material dərc edilmişdir. Komitənin rəsmi saytında, youtube, facebook və instagram səhifələrində və müxtəlif internet saytlarında 1801 material yerləşdirilmişdir.

Məruzə ətrafında Komitənin Aparat rəhbəri Eltun Həziyev, şöbə müdiri Vüsalə Vəliyeva, baş məsləhətçi Aqil Musayev çıxış etmiş, Komitənin 2022-ci ilə dair İş Planı təsdiq edilmiş, Kollegiya iclasının qərarı qəbul edilmişdir.

Joomla 1.5