07.04.21 16:56
Bildirilir ki, ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında aparılan məqsədyönlü siyasət nəticəsində uşaq hüquqlarının müdafiəsi hər zaman diqqət mərkəzində saxlanılır.
Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli 57-IV FR nömrəli “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” haqqında Fərmanının təsdiq edilməsi görülən tədbirlərin davamıdır. Həmin Qaydaya uyğun olaraq uşaq hüquqlarına dövlət nəzarəti sahəsində dövlət orqanlarının üzərinə müəyyən vəzifələr qoyulmuşdur.
Muxtar respublikada uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması ilə əlaqədar 2021-ci il 29 yanvar tarixində Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilmiş, 2021-ci il üçün İş Planı təsdiq edilmiş və icrası üçün müvafiq tapşırıqlar verilmişdir. Bundan əlavə Komissiya tərəfindən hazırlanmış ötən il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair muxtar respublika üzrə illik hesabat aidiyyəti üzrə təqdim edilmişdir.Komissiya tərəfindən cari ilin müvafiq dövrü ərzində muxtar respublikada olan bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, təhsilə cəlb olunması, sosial müdafiələrinin təşkili, xüsusi istedadlarının üzə çıxarılması, müalicə olunmaları ilə əlaqədar tədbirlər görülmüş, monitorinqlər təşkil edilmiş, onlarla bağlı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilmişdir. Belə ki, 2021-ci il ərzində 30 uşaq müəssisəsində monitorinq aparılması planlaşdırlmışdır. Monitorinqlər zamanı uşaqların dərsə davamiyyəti, tədris prosesinin keyfiyyəti, müəssisənin sanitar-gigyenik vəziyyəti, təhlükəzlik tədbirləri, eləcə də uşaqlarla davranış və hüquqlarının mudafiəsi, müəssisə binasının infrastrukturu və sairə sahələr yoxlanılır. Bu ilin ötən dövrü ərzində ekspert qrupunun iştirakı ilə 4 məktəb, 2 məktəbəqədər və 1 lisey olmaqla 7 uşaq müəssisəsində monitorinq aparılmışdır. Monitorinqlərin nəticələri, o cümlədən aşkar edilmiş nöqsanlar ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılmış və aradan qaldırılması ilə bağlı tədbirlər görülərək Komissiyaya məlumat verilmişdir.Məlumat üçün bildirək ki, muxtar respublikada hazırda hər iki valideyinini itirmiş 41, valideyn himayəsindən məhrum isə 37 uşaq vardır. Ümumilikdə bu kateqoriyaya aid olan uşaqların sayı 78-dir. Belə ki, 2021-ci ilin ötən dovrü ərzində muxtar respublikada 5 uşaq qəyyumluq və himayəyə verilmişdır.
Muxtar respublikada uşaq hüquqlarının qorunması istiqamətində görülən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən il ərzində müvafiq uşaqların yaşadıqları evlərə baş çəkilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində aidiyyəti üzrə tədbirlər görülür. Məhz elə bu səbəbdən himayə və qəyyumluğa verilən uşaqların evlərində monitorinqlər təşkil olunmuş, yaşayış şəraitləri öyrənilmiş, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilmişdir. Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu və yerli icra hakimiyyətləri yanında Qəyyumluq və Himayə komissiyalarının üzvləri ilə birlikdə Naxçıvan şəhəri üzrə hər iki valideynini itirmiş (2 uşaq), valideyn himayəsindən məhrum (2 uşaq), Şərur rayonun üzrə isə valideyn himayəsindən məhrum (1 uşaq ), hər iki valideynini itirmiş (2 uşaq) olmaqla muxtar respublikada ümumilikdə, müvafiq kateqoriyadan olan 7 uşağın yaşadığı evlərdə monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, müvafiq uşaqlar aidiyyəti üzrə himayə və qəyyumluğa verilmişdir. Uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılmış, qəyyum, himayədar və uşaqlar ilə geniş söhbətlər aparılmışdır. Aparılan monitorinqlərin nəticəsində müvafiq uşaqlarla bağlı hüquq pozulması hallarına rast gəlinməmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışaqcaqdır.