2021-ci il ərzində sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı qəbul edilmiş dövlət proqramına uyğun olaraq Komitə qarşısında qoyulan vəzifələr uğurla icra olunub

ÇapE-poçt

Muxtar respublikada yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunurlar. Onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılır.

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və təhsilə cəlbinin davamlılığının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-cı il tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur.

Bu proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq tədbirlər həyata keçirir. Komitə tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə əlaqə saxlanılır, uşaqların diaqinostik göstəricisi və səbəbləri araşdırılır, uşaqların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə yönləndirilmələri tövsiyyə olunur.

Proqramın icrası ilə əlaqədar uşaq bağçalarına, ümumtəhsil müəssisələrinə, musiqi, idman, şahmat məktəblərinə və digər məktəbdənkənar müəssisələrə sağlamlıq imkanları məhdud uşaqların cəlb olunması diqqət mərkəzində saxlanılır.

Belə ki, ötən ildə Komitə tərəfindən 119 sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları evlərdə monitorinq keçirilmiş, onlarla geniş maarifləndirici söhbətlər aparılmış, valideynlərə qanunamüvafiq izahat verilmiş, uşaqlar potensiyallarına uyğun olaraq ümumtəhsil məktəblərinə və məktəbəqədər müəssisələrə yönləndirilmələri tövsiyyə olunmuşdur.

Monitorinqlərin nəticəsində 34 uşaq ümumtəhsil məktəblərinə,  18 uşaq məktəbəqədər müəssisəyə, 1 uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə, 1 nəfər isə Heydər Əliyev Uşaq-Gənclər Yaradııcılıq Mərkəzinə olmaqla ümumilikdə 54 uşaq təhsilə cəlb edilmişdir.

Müvafiq komissiya tərəfindən tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı monitorinqlərin aparılması, müəssisə rəhbərliyi ilə maarifəndirici söhbətlərin təşkili ötən ildə də davam etdirilmişdir. Ümumilikdə, ötən il ərzində muxtar respublika üzrə 770 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 12 məktəbəqədər müəssisə, 71 ümumtəhsil məktəbi, 2 lisey, 20 musiqi məktəbi, 9 məktəbdənkənar müəssisə olmaqla, ümumilikdə 114 uşaq müəssisəsində monitorinq keçirilmişdir.

Əlamətdar günlərdə uşaqlarla görüşlərin keçirilməsi, həmin günlərin uşaqlar üçün  yaddaqalan olması məqsədi ilə tədbirlərin hazırlanması davam etdirilmişdir. Belə ki, “1iyun- Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının iştirakı ilə Naxçıvan Respublika Xəstəxanasında muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilmişdir. Aksiyada hemofiliya və talassemiyalı uşaqlar üçün 16 litr qan ehtiyatı toplanmışdır.

Həmin tədbirlərin davamı olaraq 01 iyun tarixdə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin və Naxçıvan Muxtar Respubliası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin uşaqları iştirak etmiş, 15 sağlamlıq imkanları məhdud uşağa Komitə tərəfindən hədiyyələr verilmişdir.

Bu istiqamətdə görülən işlərin davamı olaraq xüsusi kateqoriyadan olan uşaqların yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılmış, bu məqsədlə Komitə tərəfindən müvafiq kateqoriyalardan olan ümumilikdə 141 uşağın “Saat Meydanı” turistik istirahət mərkəzi, muxtar respubilkada fəaliyyət göstərən muzeylər, tarixi abidələr, “Badamlı Mineral Sular Zavodu”na ekskursiyaları təşkil edilmiş və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tamaşaların, Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda filmlərin nümayişi təmin edilmişdir.

Hər il olduğu kimi 2021-ci ildə də xüsusi kateqoriyadan olan uşaqların məktəbli forması və dərs ləvazimatları həmçinin qış geyimləri ilə təmin olunmaları həyata keçirilmişdir. Belə ki, muxtar respublikada yaşayan 10-u sağlamlıq imkanları məhdud olmaqla ümumilikdə, 118 uşağa məktəbli forması və dərs ləvazimatları, 8-i sağlamlıq imkanları məhdud  olmaqla ümumilikdə, 87 xüsusi qayğıya ehtiyacı olan uşağa isə qış geyimləri verilmişdir.

Həmçinin “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl bayramı” ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin və Naxçıvan Muxtar Respubliası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin uşaqları olmaqla ümumilikdə, 14 sağlamlıq imkanları məhdud uşağa təşkilatçılar tərəfindən hədiyyələr təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Proqramın icrasını bundan sonra da diqqət mərkəzində saxlayaraq müvafiq tədbirləri davam etdirəcəkdir.

Joomla 1.5