Naxçıvan Muxtar Respublikası Nzirlər Kabinetin Yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2021-ci ilin yekunlarıyla bağlı iclası keçirlib

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2021-ci ilin yekunları ilə bağlı iclası keçirlib

31 yanvar 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilimişdir. İclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və ekspert qrupunun üzvləri, rayon (şəhər) icra hakimiyyətləri yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyaların rəhbərləri iştirak etmişdir

İclası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ramilə Seyidova açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat vermişdir.

Bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında yaşayan uşaqlar hər il olduğu kimi 2021-ci ildə də dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşdur. Onların qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi və mənafelərinin müdafiəsi il ərzində diqqət mərkəzində saxlanılmış və bir sıra tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılmış, sağlamlıq imkanları məhdud uşaqların təhsilə və cəmiyyətə inteqrasiyası, inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant təhsil proqramlarının təkmilləşdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının təmin olunması məqsədilə işlər görülmüş, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişdir

Belə ki, sağlamlıq imkanları məhdud uşaqların əqli və fiziki potensialları nəzərə alınmaqla məktəbəqədər və ümumtəhsil müəssisələrinə cəlb edilməsi məqsədilə 119 sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları evlərdə monitorinq keçirilmiş, valideynlərlə geniş maarifləndirici söhbətlər aparılmış, qanunamüvafiq izahat verilmiş, uşaqların potensiallarına uyğun olaraq ümumtəhsil məktəblərinə və məktəbəqədər müəssisələrə getmələri tövsiyyə olunmuşdur. Bundan əlavə il ərzində 114 uşaq müəssisəsində monitorinqlər aparılmış və 770 sağlamlıq imkanları məhdud uşağın təhsil hüququ yoxlanılmışdır. Müvafiq uşaqlarla bağlı görülən tədbirlərin nəticəsidir ki, 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərində 56, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında 37 uşaq olmaqla, ümumilikdə ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 992, Distant Tədris Mərkəzində 3-ü birinci sinifdə olmaqla 15, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində 7, məktəbdənkənar müəssisələrin dərnəklərində 169, şahmat məktəblərində 60, idman məktəblərində 166, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 80 (onların 13-ü birinci sinifdə) sağlamlıq imkanları məhdud uşaq təhsil alır. 23 uşaq peşə məktəblərinə cəlb edilmiş, məktəbəqədər təhsil müəssisələrində 22, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində isə 8 uşaq təlim-tərbiyə alır. Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 2 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 14 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olmuşdur.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji Bölməsinin təlim məşğələlərinə 85, kinect oyunlara 27, musiqi terapiyasına 37, psixoloji dəstək xidmətinə 63, əmək terapiyasına 35 uşaq cəlb edilmişdir. Həmçinin, uşaq kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən 280 sağlamlıq imkanları məhdud uşağa evlərində səyyari kitabxana xidməti göstərilmişdir.

Belə ki, 2021-ci il ərzində sağlamlıq imkanları məhdud 1918 uşağa sosial müavinətlər ödənilmiş, müvafiq kateqoriyadan olan 171 uşaqla reabilitasiya tədbirləri aparılmış, 86 uşaq texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilmiş, 68 nəfərə isə protez–ortopedik xidmətlər göstərilmişdir. Həmçinin Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 279 uşağın müalicəsi təşkil olunmuş, 73 nəfərin müalicəsi göndəriş vasitəsilə həyata keçirilmişdir.

Keçirilən tədbirlərdə 800-dən çox sağlamlıq imkanları məhdud uşaq iştirak etmiş, müsabiqə və tədbirlərdə 489 hədiyyə, 132 diplom və 272 fəxri fərman verilmişdir.

Hesabat dövrü ərzində 2 uşaq övladlığa, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 16 uşaq isə qəyyumluq və ya himayəyə verilmişdir ki, hal-hazırda muxtar respublikada 72 valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq vardır. Valideyn himayəsindən məhrum olmuş 25 uşağın yaşadığı ünvanlarda monitorinqlər keçirilmiş, yaşayış şəraitləri öyrənilmiş, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilmişdir. Həmçinin ümumtəhsil məktəbini bitərən hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 2 uşaq ali məktəbə, 2 uşaq isə orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur.

Bildirilmişdir ki, uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədi ilə 30 uşaq müəssisəsində dövri monitorinq keçirilmişdir. Monitorinqlərin nəticələri, o cümlədən aşkar edilmiş nöqsanlar ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılmış və nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülmüşdür. 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 3955 uşaq haqqında fərdi məlumatlar daxil edilmiş, bankdakı uşaqların sayı 36569 nəfərə çatmışdır. Hesabat dövrü ərzində muxtar respublikanın aid dövlət orqanları tərəfindən uşaqların, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, şəhid, xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqlarının asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə uşaqların tarixi abidələrə, muzeylərə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil edilmiş, onlar üçün film və tamaşalar nümayiş olunmuş, uşaqlar üçün bayram tədbirləri, intellektual oyunlar, idman yarışları, sərgilər təşkil olunmuş, rəsm, inşa yazı, şeir və dram müsabiqələri keçirilmişdir. Keçirilmiş 319 müsabiqə, olimpiadada və digər tədbirlərdə 5000-ə yaxın uşaq iştirak etmiş, iştirakçılara 600-dən çox medal, diplom, fəxri fərman və 550-dən çox hədiyyə verilmişdir. Həmçinin aid dövlət orqanları tərəfindən 279 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmiş, 15 sentyabr-Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 499 uşaq məktəbli paltarı, dərs ləvazimatları və 492 uşaq isə qış geyimi ilə təmin olunmuşlar.

Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizliyin və hüquqpozmaların profilaktikası ilə əlaqədar tədbirlər görülmüş, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 683 reyd yoxlaması keçirilmişdir. Belə ki, 2021-ci il ərzində yetkinlik yaşına çatmayanların əməyindən qanunsuz istifadə edilməsi faktlarının aşkar edilməsi üçün 132 dəfə ictimai iaşə obyektlərində spirtli içkilərin və tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satışını aşkar etmək məqsədilə 143 dəfə reyd yoxlama keçirilmişdir Keçirilmiş reydlər zamanı avaraçılıq və dilənçilik edən yetkinlik yaşına çatmayanlar aşkar edilməmişdir.

2021-ci il ərzində məktəblərdə və ictimaiyyət arasında maarifləndirmə tədbirlərinə daha da üstünlük verilmişdir. Belə ki, münvafiq mövzularda 434 dəfə görüşlər təşkil edilmişdir.

Ramilə Seyidova bildirmişdir ki, uşaq əhalisinin sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanmışdır.

Bildirilmişdir ki, muxtar respublikada uşaqların sayı 165740 nəfərdir. 2021-ci il ərzində doğulan uşaqların sayı isə 4014-dür. Yeni doğulan uşaqlardan 2714 nəfəri muxtar respublikanın tibb müəsissələrində doğulmuşdur. Muxtar respublikanın tibb müəssisələrində doğulan 2714 uşaqdan 2062 uşağa BÇJ, 2600 uşağa Hepatit B peyvəndləri vurulmuş, 2609 uşağa poliomielit peyvəndi damcı şəklində verilmişdir. Həmçinin il ərzində 9150 uşağa pentavaksin (Hib) peyvəndi, 14376 uşağa digər peyvəndlər vurulmuşdur, ötən dövr ərzində 4086 elektron kart alınıb valideynlərə paylanmışdır.

Komissiya Sədri bildirmişdir ki, 2021-2022-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 53028 şagird təhsil alır ki, bunlardan da 25652-si qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində 2513 qız olmaqla 5060 şagird təhsil alır. 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1621-i ali təhsil müəssisələrinə, 342-si orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş və ali məktəblərə qəbul olunan 261 nəfəri 500-700 arası bal toplamışdır ki, bunlardan da 155 nəfəri qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 124 nəfəri isə ali hərbi məktəbə daxil olmuşdur.

Həmçinin 2020-2021-ci tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” nişanı, 41 nəfər fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 121 nəfər fərqlənmə attestatına layiq görülmüşdür. Medallara və fərqlənmə attestatına layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğrultmuş, qəbul imtahanlarında 33 nəfər 500-600, 36 nəfər isə 600-700 arası bal toplamış, 3 məzun isə Azərbaycan Respublikası Prezidentnin təqaüdünə layiq görülmüşdür. İstedadlı şagirdlərin aşkar edilməsi və onlarla işin keyfiyyətinin yüksəldilməsi məqsədilə sınaq-test imtahanlarının, müxtəlif bilik yarışlarının, müsabiqələrin və fənn olimpiadalarının keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, ötən il ərzində keçirilən Azərbaycan Respublika Fənn Olimpiadalarında 5-i qızıl, 13-ü gümüş, 8-i isə bürünc medal olmaqla 26 şagird qalib olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamı ilə 2021-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər. 2021-ci il ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində 1907 saat nümunəvi dərs, 378 açıq dərs tədris olunmuşdur, 63 interaktiv dərs keçirilmiş, 650-dən çox elektron lövhədən istifadə etməklə şagirdlərə müxtəlif fənnlər tədris edilmiş, 90 faizdən yuxarı internetə qoşulmaqla 9 şagird 1 kompüter dəstindən yararlanmışdır. Bu da uşaqların müasir təhsil sistemi əsasında biliklərə yiyələnməsinə şərait yaradır. Muxtar respublikada ilk dəfə olaraq şagirdlərin STEAM təlim metodu əsasında hazırladıqları layihələrin texnosərgisi keçirilmiş və sərgidə 105 şagirdin hazırladığı 111 ixtiraçılıq və tədqiqatçılıq modelləri nümayiş olunmuşdur.

Muxtar respublikada uşaq-gənclər idmanının təşkili, inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılmış, uşaqlar arasında 157 birincilik, 40 turnir, 62 yoldaşlıq görüşü, 5 çempionat və müxtəlif intellektual oyunlar keçirilmişdir. Keçirilən yarışlarda 3100-dən çox, intellektual oyunlarda isə 650-dən çox uşaq iştirak etmişdir. Bu gün muxtar respublikada 25590 uşaq idmanla məşğul olur ki, bunlardan da 7286 nəfəri qızlardır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə etmiş, Azərbaycan birinciliyində, Azərbaycan və dünya çempionatlarında, beynəlxalq turnirlərdə 19-u I yer,19-u II yer, 17-si III yer olmaqla 55 yer qazanmışlar.

Ötən tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini müxtəlif ixtisaslar üzrə 812 nəfər bitirmişdir ki, bunlardan da 54-ü fərqlənmə şəhadətnaməsi almış, 2021-2022-ci tədris ilində isə müvafiq məktəblərə müxtəlif ixtisaslar üzrə 822 şagird qəbul olmuşdur.

Muxtar respublikanın ixtisaslı müəllimləri tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müəllim və şagirdlərin hazırlıq səviyyəsinin artırılması məqsədilə müxtəlif ixtisaslar üzrə 4 metodiki kurs, 7 ustad dərs keçirilmişdir. Naxçıvan şəhərində fəaliyyət göstərən bağçalarda kitaba marağın artırılması məqsədilə 375 “Nağıl günü” keçirilmiş, 72 audio nağıl hazırlanmış, həmçinin uşaqlara 12 bədii film, 24 tamaşa göstərilmişdir.

Uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə və təbliğat işinin aparılması ilə əlaqədar tədbirlər görülmüş və uşaqların hüquqi biliklərə yiyələnməsi məqsədilə televiziya, radio verilişi efirə verilmiş, qəzetdə məqalələr dərc edilmiş, keçirilən tədbirlər muxtar respublikanın mətbuat orqanlarında işıqlandırılmışdır.

Sonra məruzə ətrafinda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvü Abdulla Əsgərov, Babək rayon Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Səbinə Abbasova, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvü İlahə Haqverdiyeva çıxış etmişlər .

İclasın sonunda Komisiyanın 2022-ci ilə dair iş planı təsdiq edilmiş, iclasın qərarı qəbul olunmuşdur.

Joomla 1.5