Kollegiya iclası keçirilmişdir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2018-ci ilin ilk yarısının yekunları ilə bağlı keçirilən kollegiya iclasında komitənin sədri Ramilə Seyidova hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, 2018-ci il 05 yanvar tarixdə “Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2018-ci ilə dair İş Planı” təsdiq olunmuşdur. Müvafiq “İş Planı”na uyğun olaraq ötən dövr ərzində nəzərdə tutulmuş məsələlər istiqamətində Komitə fəaliyyət göstərmişdir. Belə ki, aidiyyəti orqanlardan muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar alınaraq toplanılmış, məlumat bazası yenilənmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda Heydər Əliyev Muzeyində tədbir keçirilmiş, ümummilli liderimizin müəyyənləşdirdiyi dövlət qadın siyasəti və bu siyasətin ölkəmizdə uğurla həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verilmişdir. Həmçinin Beynəlxalq Ailə Günü və 1 İyun- Uşaqları Beynəlxalq Müdafiə Günü geniş şəkildə qeyd olunmuşdur.

 

Muxtar respublikada yaşayan uzunömürlü 209 ailə haqqında geniş məlumatlar toplanılaraq müvafiq bazaya əlavə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar aztəminatlı ailənin üzvü olan 642 nəfər qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılmış, aid peşə kurslarına cəlb olunması üçün ümumilikdə 29 qadının müvafiq məlumatları aidiyyatı orqanlara göndərilmişdir.

Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında 38 istedadlı qadının 659.50 manat dəyərində 101 əl işi satılmışdır.

Ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, qadınların hüquqi biliklərinin artırılması, sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi, erkən nikahların bağlanması nəticəsində ortaya çıxan mənfi cəhətlərin əhalinin lazımi yaş qruplarına çatdırılması məqsədilə “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbirlər keçirilmişdir. Tədbirlərdə qadınların sağlamlıqlarının qorunması yolları, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların doğulması səbəbləri, reproduktiv sağlamlıq barədə slayd vasitəsilə tədbir iştirakçılarına məlumat verilmiş, tədbir iştirakçılarının sualları cavablandırılmış, müvafiq mövzularda maarifləndirici broşürlər paylanılmışdır.

Hesabat dövründə 7 aztəminatlı ailəyə baş çəkilmişdir. Görüşlər zamanı onların problemləri ilə maraqlanılmış, aradan qaldırılması ilə bağlı tədbirlər görülmüş, ailə üzvləri müvafiq olaraq tibbi müayinədən keçirilmiş, ehtiyaclarına uyğun köməklik göstərilmişdir.

“15 may – Beynəlxalq Ailə Günü” ilə əlaqədar Komitə tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Belə ki, Ordubad şəhər 3 №-li tam orta məktəbdə yeniyetmə və gənclərin uzunömürlü ailə ilə görüşü keçirilmişdir. Dəyirmi masa arxasında keçirilən tədbirin məqsədi uzun­ömürlü ailələrin keçdiyi həyat yolunu, ailələrin uzunömürlü olmalarının sirlərini yeniyetmə və gənc­lərə aşılamaq olmuşdur.

Komitə tərəfindən Culfa rayonunun Qazançı kəndində yaşayan nümunəvi uzunömürlü Rəhimovlar ailəsinin evliliklərinin 70 illiyi və Ordubad rayonunun Tivi kəndində yaşayan Sultanovlar ailəsinin evliliklərinin 72 illiyi münasibətilə tədbirlər keçirmiş, ailələrə hədiyyələr verilmişdir.

15 may – Beynəlxalq Ailə Günü münasibətilə “Təbriz” restoranının tədbirlər zalında uzunömürlü, Azərbaycan Vətən Müharibəsi əlili, şəhid, gənc, hərbiçi, müəllim, həkim, dövlət qulluqçusu, qaçqın və məcburi köçkün, musiqiçi, sənətkar, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin ailələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə 13 ailənin evliliklərinin yubileyləri qeyd olunmuş, tədbirdə iştirak edən 26 ailəyə hədiyyələr verilmiş və tədbir bədii hissə ilə davam etdirilmişdir.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və rayon (şəhər) icra hakimiyyətləri tərəfindən orta ixtisas və ali təhsili müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda V muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqələri keçirilmişdir. Müsabiqə qalibləri diplom və hədiyyələrlə mükafatlandırılmış, qaliblərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

Komitə sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında uşaq siyasətinin həyata keçirilməsində Komitə fəaliyyət istiqamətlərinə uyğun olaraq bir çox tədbirlər həyata keçirmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikasında 18 yaşınadək sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, övladlığa götürülmüş, beynəlxalq və ölkədaxili bilik yarışında qalib olan və xüsusi bacarıqları ilə seçilən, ölkədaxili və ölkədənkənar yarışların qalib və mükafatçıları olan uşaqların haqqında məlumatlar toplanılaraq bazaya əlavə olunmuşdur.

2018-ci ilin müvafiq dövründə övladlığa götürülmüş 14, qəyyumluğa və himayəyə verilmiş 10 uşağın uçotu aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli 57-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti” Qaydasına uyğun olaraq hesabat dövrü ərzində 10 uşaq müəssisəsində monitorinqlər keçirilmişdir. Monitorinq keçirilən uşaq müəssisələrində aşkarlanan nöqsanlar aktlaşdırılmış, tədbir görülməsi üçün aid orqanlara göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq təşkil edilmiş Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 2018-ci ilin 6 ayı ərzində 2129 uşağın fərdi məlumatları daxil edilmişdir. Hal-hazırda isə müvafiq işlər davam etdirilir.

Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı Komitə tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-ci il 11 yanvar tarixli 13-05/S nömrəli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Мuxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar olaraq 2018-ci ilin 6 ayı ərzində 43 nəfəri məktəbəqədəryaşlı olmaqla 430 nəfər sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri ilə əlaqə yaradılmış və onlarla geniş maarifləndirici söhbət aparılmışdır. Müvafiq kateqoriyadan olan uşaqlar haqqında məlumat bazası yaradılmış, 24 nəfər sağlamlıq imkanları məhdud uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə, müalicə və reabilitasiya müəssisələrinə yönləndirilmişdir.

Aid proqramın icrası ilə əlaqədar müvafiq komissiya tərəfindən tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı muxtar respublikanın 74 məktəbəqədər, məktəb, məktəbdənkənar uşaq müəssisələrində monitorinq keçirilmişdir. Əlavə olaraq monitorinq keçirilən müəssisələrin hər birində psixoloqların bu uşaqlarla yaxından işləməsi və hər birinə fərdi proqramın açılması tövsiyə olunmuşdur. Tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə muxtar respublikanın 3 tam orta məktəbində sağlamlıq imkanları məhdud uşaqların valideynləri və müəllimləri arasında maarifləndirici görüş keçirilmişdir.

02 aprel-Beynəlxalq Uşaq Kitab Günü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir” mövzusunda 19 nəfər sağlamlıq imkanları məhdud olan uşaqlar arasında III muxtar respublika şeir müsabiqəsi keçirilmiş, müsabiqədə yer tutan 9 nəfər uşağa Komitə tərəfindən diplom və hədiyyə təqdim olunmuşdur.

Aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid,  hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud olan 25 uşağın muxtar respubilkanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyası təşkil edilmiş, Naxçıvan Dövlət Film Fondunda uşaqlara vətənpərvərlik mövzusunda film nümayiş olunmuş və hədiyyələr təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilmiş, toplanmış 6 litr qan Mərkəzin Qan Bankına verilmişdir.

Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində və M.Fizuli adına Ordubad şəhər İnternat Məktəbində tədbirlər keçirilmiş, 24 nəfər hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan uşağa hədiyyələr təqdim olunmuşdur. Əlavə olaraq Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində keçirilən bayram tədbirində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında Azərbaycan xalq nağıllarından ibarət səhnəciklər nümayiş etdirilmişdir.

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində bayram tədbirləri keçirilmiş, 2017-2018-ci tədris ili üzrə müxtəlif sahələrdə fərqlənən 100 nəfər uşaq Komitə tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşdur.

2018-ci ilin 6 ayı ərzində ümumi olaraq Komitə tərəfindən təşkil olunan müsabiqə və bayram günlərində bütün kateqoriyadan olan uşaqlara 119 diplom, 618 hədiyyə verilmişdir.

Ramilə Seyidova bildirmişdir ki, hesabat dövrü ərzində kütləvi informasiya vasitələrində də maarifləndirmə işi davam etdirilmişdir. Belə ki, Naxçıvan Dövlət Televiziyasında 7 verilişdə maarifləndirici çıxışlar olmuş, 28 tədbir işıqlandırılmışdır. Naxçıvan Dövlət Radiosunda və “Naxçıvanın səsi” radiosunda isə 20 verilişdə maarifləndirici çıxışlar olmuş, “Şərq qapısı” qəzetində 21, rayon qəzetlərində isə 4 material dərc edilmişdir. 23 material müxtəlif internet saytlarında yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci ilin 6 ayı ərzində keçirilmiş 24 tədbir,   1 aksiya, 1 ekskursiya, 1 konfransın protokolları hazırlanmış və müvafiq kitablara işlənmişdir.

2018-ci ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən ümumilikdə 87 şifahi,14 yazılı, Komitənin elektron ünvanına isə 3 müraciət daxil olmuşdur. Sorğular qanunamüvafiq qaydada cavablandırılmışdır.

İclasda Komitənin şöbə müdiri Vüsalə Vəliyeva və aparatın baş məsləhətçisi Zərnigar Orucəliyeva məruzə ətrafında çıxışlar etmişlər.

Kollegiya iclasında 2018-ci ilin 6 ayı ərzində qarşıda duran vəzifələri müzakirə edilmiş, sonda kollegiya iclasının qərar layihəsi qəbul olunmuşdur.

Komitə sədri Ramilə Seyidova yekunda qeyd etdi ki, Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif  Talıbov demişdir: “Sosial-iqtisadi inkişaf bu günə qədər olduğu kimi bundan sonra da davam etdirilməlidir. Bu gün qarşıda mühüm vəzifələr dayanır. Bu vəzifələrin icrası, ilk növbədə, işə məsuliyyətlə yanaşmaqdan  ibarətdir. Ona gərə də idarəetmənin bütün mərhələlərində nizam-intizam gücləndirilməli, təşəbbüskarlıq və tələbkarlıq artırılmalı, qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir”.

Eyni zamanda Ramilə Seyidova bildirdi ki, Komitə tərəfindən bundan sonra da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi tapşırığa uyğun olaraq nizam-intizam daha da artırılacaq, muxtar respublikanın davamlı inkişafına nail olmaq üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir.

Joomla 1.5