Uşaqların asudə vaxtlarının təşkili diqqət mərkəzində saxlanılır

ÇapE-poçt

Muxtar respublikada aztəminatlı ailələrin uşaqları hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Onların sağlamlıqları, təlim-tərbiyəsi, təhsilləri, intellektual səviyyəsinin yüksəldilməsi, milli mənəvi dəyərlər əsasında tərbiyə olunması və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu sahədə ardıcıl işlər görülür. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqının iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində aztəminatlı ailələrdən olan uşaqların Yay məktəbi bu gündən təşkil olunmuşdur.

45 nəfər aztəminatlı ailələrin uşaqlarının iştirak etdiyi “Yay məktəbi”ndə Ağbulaq kəndi ərazisinə ekskursiya, müxtəlif idman və əyləncəli oyunlar, müsabiqələr, intellektual yarışlar, diskussiya və seminarlar, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi təşkil olunacaq, Azərbaycan filmləri nümayiş etdiriləcək və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri konsert proqramı ilə çıxış edəcəklər. İstirahət müddətində keçirilən müsabiqə və yarışlarda fəal olan uşaqların mükafatlandırılması da nəzərdə tutulmuşdur.

 

“Yay məktəbi” nə cəlb olunmuş uşaqlara nəzarət etmək üçün 4 nəfər Komitə əməkdaşı və istirahət müddətində uşaqların sağlamlıqlarının qorunması, onlara ilkin tibbi yardımın göstərilməsi məqsədi ilə bir nəfər həkim təhkim olunmuşdur.

Qeyd edək ki, aztəminatlı ailələrin uşaqları üçün təşkil olunan “Yay məktəbi” avqustun 12-dək davam edəcək.

Joomla 1.5