Aztəminatlı ailələrin uşaqları Ağbulaq İstirahət Mərkəzində təşkil edilən “Yay məktəbi”ndə istirahət ediblər

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqının iştirakı ilə aztəminatlı ailələrin uşaqları üçün təşkil edilən “Yay məktəbi”nə avqustun  9-dan start verilmişdir. Ağbulaq İstirahət Mərkəzindəki düşərgəyə gedən 45 nəfər aztəminatlı ailələrdən olan, o cümlədən, hər iki valideynini itirmiş və valideyin himayəsindən məhrum olmuş, bir valideynini itirmiş, valideynləri I-II qrup əlil olan, qaçqın və məcburi köçkün uşaqları Mərkəzlə tanış edilmiş, Mərkəzin müasir standartlara cavab verən geniş və işıqlı otaqlarında yerləşdirilmiş, onların mühafizəsi təmin olunmuşdur. Əvvəlcədən hazırlanmış proqrama uyğun olaraq uşaqlar hər gün səhər Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra səhər gimnastikası etmiş, Ağbulaq kəndinə ekskursiyaya, dama, tennis kimi stolüstü idman oyunlarına qatılmışlar, axşam saatlarında vətənpərvərlik mövzusunda film nümayiş olunmuş, o cümlədən, əyləncəli oyunlar və intellektual yarışmalar keçirilmiş, milli mətbəx nümunələri təqdim olumuş, oxunması zəruri olan kitablardan mütaliə və müzakirələr edilmişdir.

Həmçinin uşaqlar arasında Azərbaycan Xalq mahnılarından ibarət karaoke və “Milli dəyərlər bizim sərvətimizdir”, “Erkən nikah uşaq hüquqlarını pozur” mövzularında maarifləndirici seminarlar təşkil olunmuş, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri konsert proqramları ilə uşaqlar qarşısında çıxış etmişlər. “Yay məktəbi”ndə fəal iştirak edən uşaqlar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla təltif olunmuşdur. Yay məktəbi uşaqlara yeni dostlar tapmağa, Naxçıvan Muxtar Respublikasının təbiəti ilə tanış olmağa, dünya görüşlərini artırmağa və asudə vaxtlarını səmərəli keçirməyə imkan yaratmışdır.

 

Qeyd edək ki, “Yay məktəbi”nə cəlb olunmuş uşaqlara nəzarət etmək üçün 4 nəfər Komitə əməkdaşı və istirahət müddətində uşaqların sağlamlıqlarının qorunması, onlara ilkin tibbi yardımın göstərilməsi məqsədilə 1 nəfər həkin təhkim olunmuşdur.

“Yay məktəbi” avqustun 12-də başa çatmışdır.

Joomla 1.5