“Qadın sahibkarlığının inkişafı Ulu Öndərin müəyyən etdiyi iqtisadi strategiyanın prioritet istiqamətlərindəndir” mövzusunda tədbir keçirilib

ÇapE-poçt

 

24 iyul 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Qadın sahibkarlığının inkişafı Ulu Öndərin müəyyən etdiyi iqtisadi strategiyanın prioritet istiqamətlərindəndir” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Rəşad Mirzəyev qonaqları salamlayıb, keçirilən tədbirin mahiyyətindən bəhs edib.

 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi Aynur Həsənova “Qadın sahibkarlığının inkişafı Ulu Öndərin müəyyən etdiyi iqtisadi strategiyanın prioritet istiqamətlərindəndir” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan qadınlarının qorunması, onların ictimai fəallığının təşkili məsələləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqətdə saxlanılıb, qadınlarımızın aktiv fəaliyyəti hər zaman təmin olunub. Ulu Öndərin apardığı müdrik siyasətin sayəsində iqtisadiyyatın inkişaf meyillərinin bərqərar olması ölkəyə investisiya axınının güclənməsi, yeni neft strategiyasının reallaşması ilə nəticələndi. A.Həsənova qeyd edib ki, Ulu Öndərimiz tərəfindən əsası qoyulan siyasət bu gün Pezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə qadınların hüquqları yüksək səviyyədə qorunur, dövlət və qeyri-dövlət strukturlarında fəaliyyətləri ilə seçilirlər.

 

Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məslələri şöbəsinin aparıcı məsləhətçisi  Zərnigar Orucəliyeva “Qadın sahibkarlığının inkişafı: həyata keçirilən layihələr, təcrübə, prespektivlər və əldə olunan nailiyyətlər”  mövzusunda çıxış edərək bildirib ki, müasir dünyamızda qadınların ictimai fəallığı, cəmiyyətin sosial-iqtisadi həyatında yaxından iştirakı, konkret bir toplumun tarixi təkamül prosesinin hansı mərhələsində olduğunu müəyyən edən göstərici kimi çıxış etmir. Həm də bu təkamülə yol açan, ümumi inkişaf meyillərinə istiqamət verən, bu prosesin mənəvi-əxlaqi meyarlarını konkretləşdirən əhəmiyyətli faktor rolunu oynayır.

Bu gün dövlətin həyata keçirdiyi kompleks iqtisadi inkişaf strategiyası bütün Azərbaycan qadınları üçün geniş imkanlar açır. Qadınlarımız uzun illərdir ki,  siyasi, ictimai işlərdə nümunəvi fəaliyyət göstərirlər.  Bu gün Azərbaycan qadını  siyasətdə, ictimai fəaliyyətdə,  səhiyyədə, təhsildə və mədəniyyət sahəsində öz potensialını gerçəkləşdirir,  ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir. Eyni zamanda  dövlət  strukturlarında, seçki orqanlarında, yerli özünü idarəetmə qurumlarında qadınların təmsilçiliyi artmaqdadır.  Bütün sadalanan arqumentlər dövlətin qadınlarla bağlı həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Bu baxımdan əlbəttə,  iqtisadi sferada fəaliyyət göstərən  qadınların inkişafı, onların biznesə marağının artması, sahibkarlıq subyektinə çevrilməsi üçün geniş imkanlar var və qadınlar bu imkanlardan yararlanır. Həm öz sosial rifahını yüksəldir, həm ailəsinə dəstək olur, həm də öz ayaqları üzərində möhkəm dayanaraq ətrafındakı insanların da işlə təmin olunmasında rol oynayır. Vergi ödəyicisi kimi özünü təsdiq edən qadınlar ümumilikdə dövlətimizin vergi siyasətinə dəstək olur. Əslində  qadınlar tarixin bütün mərhələlərində dövlətin, cəmiyyətin, iqtisadiyyatın, mədəniyyətin inkişafında rol oynayıb,  günümüzdə  bu rol daha da genişlənməkdədir.

Z.Orucəliyeva qeyd edib ki, dövlətimizin apardığı uğurlu qadın siyasətinin nəticəsində son illərdə qadınların iqtisadiyyatda irəliləyişləri müşahidə olunur, ölkəmizdə qadınların sahibkarlığa olan meylləri artır. Muxtar respublikada kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir, qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi, yeni iş yerlərinin yaradılması, maliyyə çətinliklərinin həlli istiqamətində tədbirlər həyata keçirilir. Bu tədbirlərin məntiqi nəticəsidir ki, qadınların sahibkarlıq fəaliyyətinə marağı artır və onlar ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli dərəcədə iştirak edirlər. Muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə yanaşı, mikro sahibkarların inkişafı məqsədilə ailə təsərrüfatlarının genişləndirilməsinə xüsusi diqqət göstərilir. Göstərilən qayğının nəticəsidir ki, ildən-ilə ailə təsərrüfatlarının sayı artır. Hazırda Naxçıvan qadınları işaxtarandan, iş təklif edənə çevrilmişdir. Bu da muxtar respublikada həyata keçirilən müvafiq dövlət siyasətinin uğurlu nəticəsidir. Naxçıvan Muxtar Respublikasında qadınların dayanıqlı inkişafı, məşğulluqlarının təmin olunması və dəstəklənməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, müvafiq sahənin inkişafı ilə əlaqədar dövlət proqramları qəbul edilir, həmçinin qadınlarla, xüsusən də sosial qayğıya ehtiyacı olan qadınlarla bağlı sosialyönümlü layihələr uğurla icra edilir.

Ailə təsərrüfatçısı Hüseynova Mehparə “Qadın sahibkarlığına dəstək” mövzusunda çxış edərək bildirib ki, muxtar respublikada   dövlət  qadın  siyasətinin əsas prioritet istiqaməti olan qadınların məşğulluğu təmin  olunur, onların   mikro və makro  sahibkar olması  üçün  güzəştli şərtlərlə kreditlər verilir, dövlət tərəfindən  müvafiq  dəstək göstərilir. Komitə tərəfindən həyata keçirilən layihələrin  icrası muxtar respublikada qadınların məşğulluqlarının artırılmasına xidmət etməklə yanaşı, ailə təsərrüfatlarının, həmçinin gələcəkdə muxtar respublikada mikro və makro biznes sahələrinin inkşafına kömək etmək məqsədi daşıyır. “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihəsində iştirak etdiyini və deyən və sərmayə kapitalı alıb öz kiçik təsərrüfatını qurduğunu qeyd edən ailə təsərrüfatçısı M.Hüseynova yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə  görə öz minnətdarlığını bildirib.

Tədbir “Azərbaycan qadını - keçmişimiz və bu günümüz” adlı videoçarxa baxışla davam edib. Tədbir diskussiya xarakterli olub, tədbir iştirakçıları fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb. Sahibkar qadınlara    bukletlər, vizit kartlar, qida və sənaye  etiketləri paylanılıb.                                                                                       

Joomla 1.5