Məişət zorakılığından zərər çəkmiş və digər həssas qrupdan olan şəxslərin mülki işlərdə dövlət büdcə vəsaiti hesabına vəkillə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişiklik edildi

ÇapE-poçt


26 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən ödənişsiz hüquqi yardımla əlaqədar Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi ilə bağlı 09 iyun 2023-cü il tarixli Qanunun tətbiqinə dair Fərman imzalanmışdır. Qəbul edilmiş dəyişikliyə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxsin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququ müəyyən edilmişdir.

Məcəlləyə əlavə edilmiş 67-1-ci maddə vəkilin prosesdə dövlət hesabına iştirakının təmin olunması qaydasını müəyyən edir. Belə ki, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Məhkəmə qərarı ilə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər, maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər məhkəmə qərarına əsasən dövlət hesabına ödənişsiz vəkil ilə təmin olunacaqlar.

 

 

Joomla 1.5