Komissiyanın iclası keçirilib

ÇapE-poçt

2023-cü il 10 avqust tarixində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.

Tədbiri giriş sözü ilə Komissiyanın sədri Ramilə Seyidova açaraq 2023-cü ilin 6 ayı ərzində Komissiyanın gördüyü işlər barədə məlumat verərək bildirib ki, bu gün ölkəmizdə dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Uşaqların hərtərəfli, yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, sağlamlıqlarının qorunması, təhsil alaraq layiqli vətəndaş kimi yetişməsi dövlətimizin ən ali məqsədlərindən biri olaraq daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, müvafiq sahədə qanun, fərman və sərəncamlar imzalanmış, həmçinin bir sıra dövlət proqramları qəbul edilmiş, icrası ilə bağlı aid təşkilatlar tərəfindən tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uşaq hüquqlarının qorunması ilə bağlı aid təşkilatlar və komissiyalar tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya hesabat dövrü ərzində işini 2023-cü il 31 yanvar tarixində təsdiq etdiyi “2023-cü il üçün İş planı”na uyğun qurmuşdur. Belə ki, Komissiya uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması, davranışlarına nəzarət edilməsi, qanunazidd əməllərinin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görmüş, monitorinqlər keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 6 tam orta məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 uşaq xəstəxanası, 2 xüsusi tipli uşaq müəssisəsi, 1 lisey olmaqla ümumilikdə 11 uşaq müəssisəsində monitorinq keçirilmişdir. Monitorinqlərdə müəssisələrin və uşaqların sanitar-gigiyenik vəziyyətləri, təlim-tədrisləri, müəssisənin infrastrukturu, müəssisə heyətinin dövrü-tibb və laborator müayinələrdən keçirilməsi və bu kimi digər sahələr yoxlanılmışdır. Aşkarlanan nöqsanların aradan qaldırılması ilə əlaqədar aid təşkilatlara məktublar ünvanlanmışdır. Həmçinin ekspert qrupu tərəfindən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş Naxçıvan şəhərində 3,  Şərur rayonunda 14, Babək rayonunda 2 olmaqla ümumilikdə 19 uşağın yaşadıqları ünvanlarda monitorinqlər keçirilmiş, uşaq hüquq və mənafelərinin pozulma hallarına rast gəlinməmişdir.

 

Həmçinin, Komissiyaların əməkdaşları tərəfindən muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil müəssisələrində gələcəyimiz olan uşaqlara və gənc nəslə dövlət qayğısı, şagirdlərin məktəbdə və cəmiyyətdə rolu, onların sosial şəbəkələrdən istifadə qaydaları, erkən nikahın fəsadları, zərərli informasiya və vərdişlər, yol hərəkəti təhlükəsizliyi qaydaları, milli-mənəvi dəyərlər və vətənpərvərlik, sağlam həyat tərzi və digər mövzularda görüşlər keçirilmiş, uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə şəhər və rayonlarda uşaqlara film, teatr tamaşası nümayiş etdirilmiş, onlar üçün ekskursiyalar təşkil olunmuşdur. Ötən dövr ərzində vətənpərvərlik və qəhrəmanlıq mövzularında 26 film nümayiş olunmuş, muxtar respublikanın tarixi yerlərinə, muzeylərə 18 ekskursiya təşkil edilmişdir.

 

Hesabat dövrü ərzində komissiyalar tərəfindən mədəni-kütləvi tədbirlər, uşaqlar arasında 112 idman, 8 bilik yarışması, 13 intellektual oyun, 36 müsabiqə, 4 açıq dərs, 14 kitab müzakirəsi, 1 heykəltaraşlıq və dulusçuluq, 4 sərgi və 3  aksiya, olmaqla 306 tədbir keçirilmişdir. Cari ilin ötən dövrü ərzində də, digər kateqoriyadan olan uşaqlarla yanaşı sağlamlıq imkanları məhdud uşaqlar da dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Həmçinin 16 sağlamlıq imkanları məhdud uşağa evlərində səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövrü ərzində 21 sağlamlıq imkanları məhdud uşağın evində monitorinq keçirilmiş, onlarla geniş maarifləndirici söhbətlər aparılmış və potensiallarına uyğun olaraq 4 uşaq məktəbəqədər təhsil müəssisəsinə cəlb edilmişdir.

Hesabat dövrü ərzində sanitar-gigiyenik vəziyyətlə bağlı Şərur, Kəngərli, Ordubad və Babək rayonunlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin, eləcə də uşaq musiqi məktəblərinin müvafiq sahəyə məsul əməkdaşlarına maarifləndirici seminar keçirilmişdir.

Muxtar respublikada uşaq və yeniyetmələrin sağlamlığının qorunması, onlar arasında yayılan xəstəliklərin qarşısının alınması məqsədilə tibbi xidmətin keyfiyyəti artırılmış və bir sıra profilaktik tədbirlər həyata keçirilmişdir. Belə ki, hesabat dövrü ərzində muxtar respublikanın şəhər və rayonlarında 15522 uşaq müayinə olunmuş, 9072 uşağa isə profilaktik peyvənd vurulmuşdur.

Hesabat dövrü ərzində Ağbulaq İstirahət Mərkəzində xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və təkvalideynli uşaqlar, eləcə də şəhid və qazi uşaqları olmaqla, ümumilikdə 41 uşağın iştirakı ilə “Yay məktəbi” və 40 uşağın iştirakı ilə Futbol düşərgəsi keçirilmişdir.

Sonda Komissiyanın sədri R.Seyidova  görülən işlərlə yanaşı, qarşıda duran məsələlərlə bağlı ətraflı məlumat vermiş bu sahəyə məsul olan komissiyaların vəzifələrinin öhdəsindən layiqincə gələcəklərinə inandığını bildirmişdir.

Məruzə ətrfaında Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı İman Quliyev,  Ordubad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Fərqanə Hüseynli,  Culfa Rayon Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Sara Hüseynova və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatının Uşaq problemləri şöbəsinin məsləhətçisi Elsun Cahangirlinin çıxışları olmuşdur.

Sonda Komissiyanın qərarı qəbul olunub. İclasa Komissiyanın sədri yekun vurmuşdur. Komissiyanın bundan sonra da müvafiq sahə ilə bağlı ortaya çıxan nöqsan və çatışmazlıqların qısa zaman ərzində aradan qaldırılması istiqamətində fəaliyyətini gücləndiricəyinə, öz işini günün tələbləri səviyyəsində quracağına inandığını bildirib.

Joomla 1.5