Sərgi-satış xoş təəssürat yaradıb

ÇapE-poçt

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun İş Planına əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət təşkil olunan sərgi-satış başa çatmışdır.

10 gün davam edən sərgi-satışa 188 müəllifin 2427 əl işi, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 165 qadının 2127 sayda əl işi cəlb olunmuş və nümayiş olunmuşdur. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından toplanılan əl işlərindən ibarət keçirilən sərgi-satışda istedadlı, sağlamlıq imkanları məhdud qadınlarla yanaşı Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrin, orta ixtisas və ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar və rəssamların, evdar qadınların, məhkum qadınların da əl işləri sərgilənmişdir. Ümumilikdə 158 müəllifin, 8626 manat dəyərində 681 sayda əl işi satılaraq vəsaiti qadınlara ödənilmişdir.

Artıq üç ildir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun İş Planına əsasən sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil olunur. Belə sərgilərin təşkil olunmasının muxtar respublikamız üçün əhəmiyyəti olduqca böyükdür. Qadınlarımız öz əl işləri ilə keçmişimizi yaşadır, ailə dəyərlərimizi, adət ənənələrimizi, nəsildən-nəsilə ötürdüyümüz milli dəyərlərimizi gənc nəsillərə aşılayırlar. Həmçinin bu ilki sərgi-satışda Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar olaraq da qadınlarımız hazırladıqları əl işləri ilə bu əlamətdar hadisəyə öz töhvələrini vermiş və daha rəngarənglik qatmışlar.

Sərgidə bir-birindən gözəl, rəngarəng toxuma və tikmə işlər, dekorativ işlər, yağlı boya, sulu boya və muncuqla işlənmiş tablolar, üzərlikdən hazırlanmış dekorativ işlər, milli geyimlər, xalçalar, gips heykəllər, taxta üzərində oyma və yandırma işlər, vitraj, kağızdan hazırlanan işlər nümayiş olunmuşdur. Hər il sərgiyə əvvəlki il ilə müqayisədə daha təkmilləşdirilmiş, daha gözəl və saycada daha çox iş gətirilir. Bu da o deməkdir ki, qadınlarımız bekar dayanmır, ilbəil öz üzərilərində çalışır, əl işlərində daha çox inkişafa nail olurlar.

Sərgi müddətində əl işlərinin müəllifi olan bir çox qadınla həmsöhbət olduq. Öz yaradıcılıq zövqü ilə seçilən Səriyyə Seyidova deyir ki, muxtar respublikada yaradılan bu cür şərait bizlərin gələcək yaradıcılığı üçün böyük stimuldur. Buna görə də dövlətimizə minnətdarlığımızı bildiririk.

Muncuqdan hazırlanmış əl işləri ilə sərgidə iştirak edən qadınlardan biri də Xuraman Səfərovadır. O rəngbərəng muncuqlarla dekorativ işlər, tablolar hazırlayır. Muncuqlarla işləməyi sevən Xuraman xanım eyni zamanda qeyd etdi ki, o, keçirilən sərgidə hazırladığı əl işlərindən 1800 manata yaxın gəlir əldə etdi və bu onun ailəsinə çox böyük dəstəkdir.

Toxuma əl işləri sərgidə nümayiş etdirilən qadınlarımızdan biri də Şahbuz rayonunun sakini Rəhimova Reyhanədir. Reyhanə xanım toxuma əl işləri ilə, xüsusilə də azyaşlı uşaqlar üçün toxuduğu geyimlərlə sərgidə iştirak etmişdir. Artıq neçə illərdir ki, bu sərgidə iştirak edir. Öz toxuma əl işlərini sevə-sevə hazırlayan xanım hal-hazırda əsgərlər üçün də şarf toxuduğunu bildirmişdir. Bu sərgilərin onun üçün mənəvi cəhətdən əhəmiyyətini qeyd edən Reyhanə xanım eyni zamanda övladlarını da əl işlərindən qazandığı maddi gəlir hesabına oxutduğunu bildirmişdir. O da həmçinin, digər həmkarları kimi muxtar respublikada qadınlara göstərilən diqqət və qayğıdan çox razıdır.

Sərgidə evdar xanımların da əl işləri sərgilənmişdir. Onlardan Şahgəldiyeva İmmi bizimlə öz fikirlərini bölüşdü. O deyir:

Mən məktəb illərindən başlayaraq yaradıcılığa, tikmə və toxuma əl işləri hazırlamağa maraq göstərmişəm. İlk vaxtlar yalnız övladlarım, yaxın qohumlarım və ailə üzvlərim üçün bunları hazırlayırdım. Daha sonralar isə belə bir sərginin olduğundan xəbərdar oldum və qərara gəldim ki, işlərimi insanlara, daha böyük kütlələrə nümayiş etdirim. Və bu qərarımda da peşman olmadım. Evdar xanım olmağıma baxmayaraq mən də bu əl işlərimlə ailəmə dəstək oluram və bu məni çox sevindirir. Növbəti sərgilərə daha yaradıcı və daha gözəl işlər hazırlamağı planlaşdırıram.

10 gün müddətində Naxçıvan Muxtar Respublikasının müxtəlif idarə və təşkilatlarından sərgiyə gələn qonaqlar və turistlər tərəfindən də sərgilənən əl işləri maraqla qarşılanıb. Onlardan bir çoxu belə sərgilərin davamlı olaraq keçirilməsinin qadınlarda böyük həvəs və çalışmaq əzmi yaratdığını qeyd ediblər. Həmçinin Müəllimlər İnstitutunun tələbələrinə sərgi əsasında təsviri incəsənətin əsaslarından praktik dərs də keçirilib.

Joomla 1.5