11 oktyabr Beynəlxalq Qızlar Günüdür" mövzusunda tədbir keçirilib

ÇapE-poçt

 

2023-cü il 11 oktyabr tarixində Sədərək rayonunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “11 oktyabr Beynəlxalq Qızlar Günüdür” mövzusunda tədbir keçirilib.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək qeyd edib ki, bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər bir yaş mərhələsində belə bir hüquqa malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə işçilər, sahibkarlar, mentorlar, ailə başçıları və siyasi liderlər ola bilmək üçün öz potensiallarını həyata keçirə və dünyaya daha yaxşı töhfələr verə bilərlər.
Uşaq və yeniyetmələrin, o cümlədən qızların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Buna görə də Azərbaycanda uşaq, xüsusilə qızlarla bağlı məsələlərə dövlət tərəfindən həmişə diqqət yetirilir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində, uşaqların yüksək təlim-tərbiyə alması üçün ölkədə hər şərait yaradılmışdır.
Vurğulanıb ki, ölkəmizdə ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil, sosial və digər sahələrdə gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görülməsi ölkədə həyata keçirilən uğurlu ailə, qadın və uşaq siyasətinin göstəricisidir. Ailə modeli, ailə dəyərləri və ailədə ailə dəyərlərinin yaşadılması, əxlaq normaları, ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə mühafizə edilir və gələcək nəsillərə ötürülür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva tədbirdə mövzu ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva slayd vasitəsilə çıxış edib. O, ailədə valideyn övlad münasibətləri, bəzi ailələrdə qız övladlarına ayrı-seçkiliyin qoyulması, onların təhsilinin və milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin təşkil olunması, qızlarımızın erkən nikahdan qorunması, qızların ailə qurmağa, nikaha daxil olmağa hazır olması, sosial şəbəkələrin ailələrə və uşaqlara təsirləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müvafiq mövzularda 100 broşür paylanılıb.Tədbirdən 63 nəfər yararlanıb.

 

 

Joomla 1.5