Maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Şərur Rayon İcra Hakimiyyəti və Şərur Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 2023-cü il 11 oktyabr tarixdə Şərur rayonu Vərməziyar kənd tam orta məktəbində “Erkən nikah ailə təməlinin faciəsidir” mövzusunda tədbir keçirilib.
Şərur Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Müşfiq Əsədov tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəməyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının Uşaq şöbəsinin müdiri Gülər Əhmədova bildirib ki, erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. dayanır. Erkən nikah probleminin özündə tarixi ənənə yükünü daşıması kimi yanlış stereotiplərin qalması, zorakılıqdan qorumaq məqsədilə valideynlərin qızları erkən nikaha təşviq etməsi, ailənin maddi vəziyyəti, qaçırılma hallarının baş verməsi erkən nikahın yaranma səbəblərindən bir neçəsidir. Erkən nikahın fəsadlarından danışarkən qeyd olunub ki, erkən nikah təhsilin effektiv şəkildə başa çatdıtrılmasına, peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilməsinə, eyni zamanda boşanma hallarının artmasına və bir sıra xəstəliklərin yayılmasına zəmin yaradır. Eyni zamanda qeyd olunub ki, erkən nikah heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz nümunəsi kimi göstərilir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli “Erkən nikah ailə təməlinin faciəsidir” mövzusunda çıxış edərək, vizual vəsaitlərdən istifadə etməklə tədbir iştirakçılarını məlumatlandırıb. Vurğulayıb ki, erkən nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrumedilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçınılmazdır. Bu yaşda qurulan ailələr çox vaxt ailə funksiyasını yerinə yetirə bilmir, nəsil artımında böyük çətinliklərlə üz-üzə qalmış olur. Ana olmaq iqtidarında olmayan qızlar ana olmağa hazırlıq dövründə ciddi təhlükələrlə üzləşir, onlarda bir sıra xəstəliklərin yaranmasına şərait yaranır. Əksər hallarda isə əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların doğulmasına, ananın və körpənin ölümünə gətirib çıxarır. Erkən yaşda oğlan və qızların ailə qurması həm həkimlər, həm də psixoloqlar tərəfindən düzgün hesab edilmir. Çünki onların fiziki və psixi cəhətdən formalaşması, inkişaf etməsi yetkinlik yaşına çatdıqdan sonra reallaşır. Erkən nikah halları fiziki, əqli, psixoloji və emosional təsirə malik olub, qızların fərdi inkişafını və gələcək imkanlarını məhdudlaşdırmaqla yanaşı, yaşamaq üçün çox təhlükəli HİV, QİÇS, xərçəng və digər bu kimi xəstəliklərə yeni üfüqlər açır. E.Cahangirli diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında qəbul olunmuş normativ hüquqi aktların erkən nikah hallarının yaranmasına yol vermədiyini qeyd edərək, erkən nikah hallarına yol vermiş şəxslərin məsuliyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.
Şərur Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru, polis kapitanı İsa Məhərrəmov qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1.1-ci maddəsində göstərilir ki, “Qadını nikaha daxil olmağa məcburetmə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Bundan əlavə 176.1.2-ci maddədə qeyd olunur ki, “Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Diskussiya xarakterli keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb. Sonda 45 nəfər tədbir iştirakçısına “Erkən nikah – ailə faciəsinin təməlidir” mövzusunda hazırlanmış broşür paylanılılb.

 

 

Joomla 1.5