“Azərbaycan qadını - bir əsr öncə və bu gün” mövzusunda konfrans keçirilib

ÇapE-poçt

 


2023-cü il 30 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Xalq Cumhuriyyətinin 105 illiyi münasibətilə “Azərbaycan qadını - bir əsr öncə və bu gün” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova konfrans iştirakçılarını salamlayıb və təbrik edərək bildirib ki, Azərbaycan Xalq Cumhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil etməklə yanaşı çoxəsrlik tariximizdə mühüm yer tutur. Qadınların ilk səsvermə hüququndan ötən 105 illiyində də hər zaman mənəvi keyfiyyətlərinin zənginliyi ilə seçilən qadınlar ölkənin mədəni, ictimai və siyasi həyatında fəallıq göstərdiyini qeyd edən A.Məmmədova Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkədə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəldiyini vurğulayıb. Tarixin yaddaşına çevrilmiş 1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını böyuk inkişaf yolu keçmiş, cəmiyyətin inkişaf etməsinin səbəbkarı, iştirakçısı olmuş və uğurlar əldə etmişdir. Ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə ikinci qayıdışından sonra qadın problemlərinin həllində əsaslı dönüşə nail olunmuş, dövlət qadın siyasəti daha da gücləndirilmiş, qadının cəmiyyətdəki fəallığının artırılması üçün konkret addımlar atıldı, ölkədə dövlət qadin siyasətinin həyata keçirilməsi üçün qanunvericilik bazası yaradıldığı bildirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin nəticəsi olaraq ölkədə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr tarixli Fərmanı ilə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanunu ölkədə gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır. Qadınların bütün uğurlarının təməlində dövlətin böyük diqqəti, dəstəyi və davamlı qayğısının dayandığını bildirən A.Məmmədova bundan sonra da qadınların gələcək nəsillərin milli-mədəni irsə adət-ənənələrə hörmət ruhunda tərbiyəsində var qüvvələrini sərf edəcəklərini, müstəqil ölkənin daha da çiçəklənməsinə layiqincə xidmət göstərəcəklərini qeyd edib.
Mövzu ətrafında Naxçıvan Qızlar Liseyinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyevanın və Naxçıvan Dövlət Universitetinin Tarix - filologiya fakültəsinin “Azərbaycan Tarixi” kafedrasının dosenti, tarix elmlər doktoru Sevinc Abbasovanın çıxışları dinlənilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyi ilə bağlı cari il ərzində “Naxçıvan qadınları 1918-2023-cü illərdə” yazı müsabiqəsi elan olunub, müsabiqənin qalibləri məyyənləşdirilib və konfransda qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.
Konfrans Naxçıvan Qızlar Liseyinin şagirdlərinin ifasında kompozisiyanın nümayiş olunması ilə başa çatıb.

 

 

Joomla 1.5