18.10.18 15:27
Tədbirdə “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, tarixən ailə xalqımızın milli düşüncəsində mühüm yer tutmuş, cəmiyyətin özəyini təşkil etmişdir. Milli-mənəvi dəyərlər məhz ailədə qorunub saxlanaraq nəsildən-nəslə ötürülmüşdür. Ailədə sağlam həyat tərzinin formalaşmasında qadının rolu danılmaz bir faktdır. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Qadınlarımız nəsillərarası münasibətin qorunub saxlanmasına, ailələrdə böyüyən övladlarının bütün əxlaqi keyfiyyətlərə yiyələnməsinə, torpağına, elinə bağlı ruhda tərbiyə olunmasına çalışmalıdır. Faktdır ki, tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.
Muxtar respublikada da ailələr həmişə uzunömürlü olması və möhkəmliyi ilə seçilib. Bu, bir tərəfdən milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından irəli gəlirsə, digər tərəfdən sağlam ailələrin qurulması üçün dövlətimiz tərəfindən konkret işlər görülməsinə, o cümlədən Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması, tərəflərin nikahdan əvvəl icbari tibbi müayinədən keçməsinin qüvvəyə minməsi, Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyətin müəyyən olunmasına və müvafiq dövlət proqramlarının uğurla icra edilməsinə bilavasitə bağlıdır.
Ramilə Seyidova qeyd edib ki, aparılan təhlillərə görə Şahbuz rayonu üzrə 8998 uşaq vardır ki, bu uşaqlardan da 129-u sağlamlıq imkanları məhdud uşaqlardır. Bu da ümumi uşaqların 1,43 faizini təşkil edir. Muxtar respublika üzrə 1937 sağlamlıq imkanları məhdud uşaqlar vardır ki, bu uşaqların da 6.65 faizi Şahbuz rayonunun payına düşür. 129 sağlamlıq imkanları məhdud uşaqdan 109-u anadangəlmə, 20-si isə sonradan qazanılma sağlamlıq imkanları məhdud uşaqlardır.
Şahbuz rayonunun Qızılqışlaq kəndi üzrə isə 3 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların 3-ü də anadangəlmədi. Anadangəlmə uşaqların 1-də anomaliyalar, deformasiyalar və xromoson pozğunluqları, 1-də gözün və gözün əlavə aparatının xəstəlikləri, 1-də sinir sisteminin xəstəlikləri aşkar edilmişdir.
Bütün bunlar onu göstərir ki, sağlam ailənin formalaşması üçün tərəflər sağlam həyat tərzi yaşamalı, nikaha daxil olarkən həkim müayinəsindən keçməli və sonrakı dövrdə də qadınların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
“Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Şahbuz rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin – sinir sistemi xəstəliklərinin, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları, qan dövranı sistemi xəstəliklərinin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları ətraflı şəkildə cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.