Uşaqlar üçün bayram tədbiri keçirilib

ÇapE-poçt

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibəti ilə 2023-cü il 27 dekabr tarixdə “Sərin Badaşqan Bağı” restoranında Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə Əliyevanın və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar, o cümlədən şəhid və qazi övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan, həmçinin 2023-cü il ərzində təhsil, incəsənət və idman sahəsində xüsusi bacarığı ilə fərqlənən uşaqlar iştirak etmişlər.
Çay süfrəsi ətrafında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Yeganə Məmmədova və Aidə Allahverdiyeva, M.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru Şirzad Abutalıbov çıxış etmişlər.
Çıxış edənlər ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edərək bildirmişlər ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Uşaqların hüquqlarının, sağlamlıqlarının qorunması, təhsili, milli ruhda tərbiyəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, dünya görüşlərinin formalaşması, daim diqqət mərkəzində saxlanılır. Həmçinin müvafiq sahədə qəbul olunmuş qanunvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər haqqında ətraflı məlumat vermişlər.
Çıxış edənlər uşaqları qarşıdan gələn “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibəti ilə təbrik etmiş, təhsillərində və gələcək həyatlarında uğurlar arzulamışlar.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Qızlar Liseyi, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan Şəhər 11 nömrəli Körpələr Evi-Uşaq Bağçası 2023-cü il ərzində keçirilən tədbirlərdə Komitə ilə səmərəli əməkdaşlıq etdiklərinə görə, o cümlədən 2023-cü il ərzində təhsil, incəsənət və mədəniyyət sahəsində xüsusi bacarıqlarına görə fərqlənən 10 uşaq fəxri fərmanla təltif edilmişlər.
Bədii hissə ilə davam edən tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs qrupunun üzvləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları və Naxçıvan şəhərində fəaliyyət göstərən 11 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında müxtəlif mahnı və rəqs nömrələri nümayiş edilmişdir. Tədbirin sonunda “Şaxta Baba” və “Qar Qız” uşaqlarla hədiyyələr təqdim etdi. Hər bir uşağa üzərində işğaldan azad olunmuş rayonlarımızın adları yazılmış köynəklər təqdim olundu.

 

 

Joomla 1.5