“Zəhmətkeş qadınların özünüməşğulluğunun dəstəklənməsi: layihələr və nəticələr” kitabının təqdimatı olub

ÇapE-poçt

 

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Zəhmətkeş qadınların özünüməşğulluğunun dəstəklənməsi: layihələr və nəticələr” adlı kitabın təqdimatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-qadın siyasətinin təməl prinsiplərinin dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Naxçıvan Muxtar Respublikasında qadınların dayanıqlı inkişafı,məşğulluqlarının təmin olunması və dəstəklənməsi üçün ardıcıl və məqsədyönlü  layihələrin həyata keçirildiyini qeyd edib.

Ramilə Seyidova bildirib ki, Komitə tərəfindən zəhmətkeş qadınların özünüməşğulluğunun dəstəklənməsi məqsədilə 4 böyük layihə və bu layihələr əsasında təlimlər təşkil edilib. Beləliklə, muxtar respublikanın müxtəlif rayonlarında yaşayan və bizneslərinə başlamaq istəyən qadınların  ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqları artırılıb, həmin qadınlara verilən sərmayə kapitalı ilə onlar öz uğurlu bizneslərini qura biliblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı çıxışında qadınların cəmiyyətdəki rolundan danışıb, Azərbaycan qadının həmişə fədakar, zəhmətkeş, cəsur olduğunu bildirib. Günay Malikqızı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb,  2024-cü ilin Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlamətdar olacağını və  Naxçıvan qadınlarının bu yüzilliyə mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova qadın sahibkarlığının əhəmiyyəti mövzusunda təqdimat edib. Layihə iştirakçısı Qızxanım Hüseynova ona verilən sərmayə kapitalı vasitəsilə məşğul olduğu dekorativ tətbiqi sənət sahəsini inkişaf etdirdiyini qeyd edib, qadınlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Çıxış edənlər zəhmətkeş qadınları təbrik edib, onlara fəaliyyətlərində yeni uğurlar arzulayıb. Tədbirdə kitabın slayt şəklində geniş təqdimatı tədbir iştirakçılarına göstərilib.

Sərmayə kapitalını təyinatı üzrə istifadə edən və öz fəaliyyətini genişləndirən  bir qrup zəhmətkeş qadına, eyni zamanda  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlıq edən və bu layihələri mediada işıqlandırılmasında müstəsna rol oynayan media nümayəndələrinə təşəkkürnamələr təqdim edilib. Sonra “Zəhmətkeş qadınların özünü məşğulluğunun dəstəklənməsi: layihələr və nəticələr” adlı kitabın sərgisinə baxış olub.

Qeyd edək ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya birliyində nəfis tərtibatla dərc edilən  kitabda  Ulu Öndərin zəhmətkeş qadınlar barədə söylədiyi fikirlər və onlar ilə fotoları, eyni zamanda kitabda layihə iştirakçıları olan bir qrup zəhmətkeş qadının fəaliyyəti ilə bağlı layihələr və fotolar öz əksini tapıb. Bundan əlavə muxtar respublikada qadınların özünüməşğulluğunun dəstəklənməsi ilə bağlı muxtar respublikada keçirilən tədbirlər haqqında məlumatlar və çəkilmiş fotoşəkillərdən nümunələr öz əksini tapıb. Kitabda, həmçinin layihələrdə 17 təsərrüfat sahəsi üzrə iştirak etmiş 63 qadının istehsal etdikləri məhsullar və əmək fəaliyyətlərini əks etdirən fotoşəkillər yer alıb.

Joomla 1.5