25.10.18 14:40
Culfa rayonunun Saltaq Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova açaraq belə tədbirlərin əhəmiyyətindən danışmışdır.
Tədbirdə “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, möhkəm ailə sağlam cəmiyyətin təməlidir. Milli-mənəvi dəyərlər məhz ailədə qorunub saxlanaraq nəsildən-nəslə ötürülür. Ailədə sağlam həyat tərzinin formalaşmasında qadının rolu böyükdür. Hər bir ailədə dünyaya gələn körpəni milli vətənpərvərlik ruhunda böyütmək, milli-mənəvi dəyərləri övladlarına aşılamaq qadının-ananın müqəddəs amalıdır. Ailənin daha davamlı olmasının əsas şərtlərindən biri də valideynlər tərəfindən xüsusən də qadınlarımız tərəfindən gənclərə ailə qurmaları ilə əlaqədar düzgün yol göstərməkdən ibarət olmalı, yəni onlara sağlam həyat tərzi aşılamalı, ailə qurarkən gənclərin ailənin mahiyyətini anlaması və buna hazır olması ilə əlaqədar istiqamət verməlidirlər. Bunun üçün hər şeydən əvvəl valideynlər uşaqlarını zərərli vərdişlərdən çəkindirməli, ailə qurduğu zaman ona düzgün yol göstərməli, tələsməməyə, tam hazır olduqda bu addımı atmasına icazə verməlidir. Komitə sədri qeyd etmişdir ki, həmçinin nikaha daxil olarkən tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.
Ramilə Seyidova qeyd edib ki, aparılan təhlillərə görə Culfa rayonu üzrə 16667 uşaq vardır ki, bu uşaqlardan da 197-si sağlamlıq imkanları məhdud uşaqlardır. Bu da ümumi uşaqların 1,18 faizini təşkil edir. Muxtar respublika üzrə 1937 sağlamlıq imkanları məhdud uşaqlar vardır ki, bu uşaqların da 10.2 faizi Culfa rayonunun payına düşür. 197 sağlamlıq imkanları məhdud uşaqdan 152-si anadangəlmə, 45-i isə sonradan qazanılma sağlamlıq imkanları məhdud uşaqlardır.
Culfa rayonunun Saltaq kəndi üzrə isə 7 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqlardan 5-i anadangəlmə, 2-si isə sonradan qazanılma sağlamlıq imkanları məhdud uşaqlardır. 5 anadangəlmə uşaqdan 1-də qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri, 1-də sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, 1-də gözün və gözün əlavə aparatının xəstəlikləri, 2-də anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozgunluqları aşkar edilmişdir.
Bütün bunlar onu göstərir ki, sağlam ailənin formalaşması üçün tərəflər sağlam həyat tərzi yaşamalı, nikaha daxil olarkən həkim müayinəsindən keçməli və sonrakı dövrdə də qadınların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
“Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Culfa rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin – sinir sistemi xəstəliklərinin, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları, psixi pozğunluqlar və davranış pozğunluqlarının yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.