Kollegiya iclası keçirilib

ÇapE-poçt

 

2024-cü il 25 yanvar tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il ərzində gördüyü işlər barədə kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, hesabat dövrü ərzində muxtar respublikada ailə, qadın və uşaqların hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılıb, beynəlxalq günlər qeyd edilib, konfrans, tədbir, təlim, festival, seminar, görüş, ekskursiya və monitorinqlər keçirilib, sərgi-satışlar təşkil olunub. Komitədə ailə, qadın və uşaqlar haqqında məlumat bazası yaradılmış və aidiyyəti orqanlardan muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar alınaraq yaradılmış bazaya əlavə edilmiş və müqayisəli təhlilləri aparılmışdır. Məlum olmuşdur ki,

2023-cü il 01 iyul tarixə olan məlumata əsasən muxtar respublikada ailələrin sayı 99370 nəfər olmuşdur ki, bu da ötən illə müqayisədə 618 ailə çoxdur. Bunlardan 47-i çoxuşaqlı (5 uşaqdan yuxarı), 1216-sı ailə təsərrüfatçısı olan, 276-sı məcburi köçkün,538-i şəhid ailəsidir. Muxtar respublika əhalisinin 233954 nəfərini qadınlar təşkil edir ki, bu da ötən illə müqayisədə 1777 qadın çoxdur. Bu qadınlardan 9735-i sahibkar, 8203-ü əlil, 413-ü məcburi köçkün, 249-u sosial xidmətdə olan ahıl, 3-ü Ahıllar Evində yaşayan, 307-si şəhid ailəsi sayılan, 221-i bələdiyyə üzvü, 10-u bələdiyyə sədri olan qadınlardır.

Muxtar respublikada 120337 uşaq yaşayır. Bu da əhalinin 26%-ə yaxını təşkil edir. 81 uşaq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, 2056-sı sağlamlıq imkanları məhdud, 47-si şəhid uşaqlarıdır.

Komitə sədri bildirmişdir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 2023-cü il ölkədə Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın 100 illik yubileyləri geniş şəkildə qeyd olunmuşdur. Hesabat dövrü ərzində Komitə tərəfindən də müvafiq mövzularda tədbirlər keçirilmişdir. Belə ki, 2023-cü il ərzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 67 dəfə müxtəlif səpkili tədbir keçirilmiş, tədbirlərdən 5 mindən artıq iştirakçı yararlanmış, Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş film və videoçarx 24-dən artıq tədbirdə nümayiş olunmuş, müntəzəm olaraq Komitənin sosial resurslarında və 2023-cü il 14 iyul tarixdə Naxçıvan şəhərinin mərkəzində yerləşən saat reklam lövhəsində gün ərzində təkrarən işıqlandırılmışdır.
Akademik Zərifə Xanım Əliyevanın 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan qadını, anası, həkimi - Akademik Zərifə xanım Əliyeva” mövzusunda ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, gənclər və digər şəxslər arasında esse müsabiqəsi elan olunaraq, sosial şəbəkələrdə paylaşılmışdır. Müsabiqəyə 113 esse təqdim olunmuş, müxtəlif nominasiyalar üzrə 12 nəfər müsabiqənin qalibi olmuşdur. Həmçinin Komitə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə Naxçıvan Dövlət Milli Dram Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans keçirib. Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, Heydər Əliyev Muzeyi ilə tanış olmuşlar. Konfransda müvafiq mövzuda hazırlanmış filmin təqdimatı və müvafiq mövzuda çıxışlar olmuş, sonra akademik Zərifə xanım Əliyevanın 100 illiyi münasibətilə Komitə tərəfindən elan olunmuş “Azərbaycan qadını, anası, həkimi - Akademik Zərifə xanım Əliyeva” mövzusunda keçirilən esse müsabiqəsi qaliblərinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üzrə yüksək təhsil göstəricisi olan tələbələrin mükafatlandırılması mərasimi keçirilmiş, konfrans bədii hissə ilə davam etmişdır. Konfransdan sonra qonaqlar akademik Zərifə Əliyeva adına Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbində və Qarabağlar Türbə Kompleksində olmuşlar. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə birgə Heydər Əliyev Muzeyində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilmiş, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, sonra müvafiq mövzuda çıxışlar edilmiş, tədbir rejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminin nümayişi ilə davam etmişdir, həmçinin Babək və Culfa Rayon İcra Hakimiyyətləri ilə birgə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbirlər keçirilmişdir. Tədbirlərdə müvafiq mövzuda çıxışlar edilmiş, dahi şəxsiyyətlərin Zərifə xanım Əliyeva ilə bağlı fikirləri səsləndirilmiş, müvafiq mövzuda filmlər nümayiş olunmuşdur.
Komitə tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20 ilinin tamam olması ilə bağlı “Ailə, qadın və uşaq siyasəti son 20 ildə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə “Naxçıvan Muxtar Respublikasında 20 il ərzində dövlət ailə, qadın, uşaq siyasətinin inkişafı” mövzusunda məruzə edilmiş və müvafiq sahədə qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də Naxçıvan Muxtar Respublikasında da ölkə rəhbərliyinin uğurlu siyasətinin davam etdirilməsi barədə məlumat verilmişdir. Sonra mövzu ətrafında çıxışlar olmuşdur.
Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 25 oktyabr tarixli 90-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı müvafiq Fərman qəbul olunmuş, belə ki, Komitənin səlahiyyətləri artırılmışdır.
Həmçinin müvafiq dövrdə Komitə sədri tərəfindən bir çox qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilmiş, görüşlərdə ailə, qadın və uşaq sahəsi ilə bağlı qarşılıqlı fəaliyyət üçün fikir mübadiləsi aparılmışdır.
Hesabat dövrü ərzində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) icra hakimiyyətləri yanında qanunvericiliyə uyğun olaraq məişət zorakılığının qarşısının alınmasına məsul olan dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq monitorinq qrupu, muxtar respublikada fəaliyyət göstərən dövlət müəssisələrində genderə məsul şəxslərin yaradılması məqsədilə tədbirlər görülmüş, monitorinq qrupları və məsul şəxslər yaradılmış və onlar üçün təlimlər təşkil edilmişdir. Hesabat dövrü ərzində Komitə əməkdaşları bilik və bacarıqlarının artırılması ilə bağlı təşkil olunan təlimlərə cəlb edilmiş, həmçinin Komitənin 1 əməkdaşı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Hesabat dövrü ərzində “Zəhmətkeş qadınların özünüməşğulluğunun dəstəklənməsi: layihələr və nəticələr” adlı kitab hazırlanmış, təqdimatı ilə bağlı tədbir keçirilmişdir. Həmçinin 3 adda maarifləndirici buklet hazırlanmış, özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 223 şəxsin 15844 manat dəyərində 1528 əl işi və istehsal etdikləri məhsulların satışı həyata keçirilmişdir.
R.Seyidova bildirmişdir ki, aid dövr ərzində keçirilən 187 (tədbir, seminar, görüş) maarifləndirici və təbliğat tədbirlərindən 61 ailə və 5974 nəfər yararlanmış, 3916 təbliğat materialı, o cümlədən broşürlər paylanılmışdır.
Ümumilikdə, 2023-cü il ərzində Komitə tərəfindən 3 kollegiya, 4 konfrans, YYÇİHMK-nin 3 iclası, 3 festival, 133 tədbir, 16 təlim, 10 seminar, 2 ekskursiya, 98 görüş,5 müsabiqə, 190 monitorinq, 4 sərgi-satış olmaqla 471 müxtəlif səpkili tədbir keçirilmişdir.
R.Seyidova vurğulamışdır ki, Komitə tərəfindən bundan sonra da ölkəmizin davamlı inkişafına nail olmaq üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcək, səlahiyyətləri daxilində səmərəli, məzmunca faydalı işləməyə çalışılacaq və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə öz töhfəsini verəcəkdir.
Kollegiya iclasında Aparatın ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva, Aparatın maliyyə-təsərrüfat və kargüzarlıq şöbəsinin müdiri Vüsalə Vəliyeva, İctimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə baş məsləhətçi Məhəmməd Əliyev 2023-cü il ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə məruzə ətrafında çıxış etmişlər.
Kollegiyanın iclasının yekununda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü ilə dair İş Planı və Kollegiya iclasının qərarı təsdiq edildi.

 

 

Joomla 1.5