Komissiyanın iclası keçirilib

ÇapE-poçt

 

31 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilimişdir.
İclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və ekspert qrupunun üzvləri, rayon (şəhər) icra hakimiyyətləri yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyaların rəhbərləri iştirak etmişdir.
İclası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ramilə Seyidova iclası açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat vermiş, Naxçıvan Muxtar Respublikasında 2023-cü il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyəti ilə əlaqədar çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara hərtərəfli imkanlar yaradılır, onların potensial və qabiliyyətlərinin aşkarlanması, mahiyyət etibarı ilə layiqli və sağlam vətəndaş kimi yetişdirilməsi istiqamətində kompleks addımlar atılır.
Naxçıvan Muxtar Respublikasında yaşayan uşaqlar hər il olduğu kimi 2023-cü ildə də dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşdur. Onların qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi və mənafelərinin müdafiəsi il ərzində diqqət mərkəzində saxlanılmış və bir sıra tədbirlər görülmüşdür.
Hesabat ili ərzində 2114 sağlamlıq imkanları məhdud uşaq olmuşdur ki, bunların da əqli və fiziki potensialları nəzərə alınmaqla məktəbəqədər və ümumtəhsil müəssisələrinə cəlb edilmişdir. Müvafiq uşaqlarla bağlı görülən tədbirlərin nəticəsidir ki, 2023-2024-cü tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərində 45, hazırlıq qruplarında 13 uşaq olmaqla, ümumilikdə müvafiq kateqoriyadan olan 901 uşaq təhsil alır. Əlavə olaraq Distant Tədris Mərkəzində 27 uşaq olmaqla onların 2-si birinci sinifdə, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 7, məktəbdənkənar müəssisələrin dərnəklərində 97, məktəbdənkənar müəssisələrdə təşkil olunan müxtəlif kurslarda 22, şahmat məktəblərində 32, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 85 (onların 11-i birinci sinifdə) sağlamlıq imkanları məhdud uşaq təhsil alır və həmin kateqoriyadan olan 4 uşaq isə idman məktəblərinə cəlb olunmuşdur. Sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınaraq 2 uşaq peşə məktəbinə cəlb edilmişdir. Aydın olur ki, sağlamlıq imkanları məhdud uşaqların 56%-i təhsilə cəlb olunmuşdur. Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 4 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 17 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olmuşdur.
Hesabat dövrü ərzində 3 uşaq övladlığa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9 uşaq isə qəyyumluq və ya himayəyə verilmişdir ki, hal-hazırda muxtar respublikada 85 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq vardır. Hesabat ili ərzində himayə və ya qəyyumluğa verilmiş 29 uşağın, bir valideyni vəfat etmiş və digər valideynindən ayrı yaşayan 2 uşağın yaşadığı ünvanda hüquqlarının qorunması ilə bağlı monitorinqlər keçirilmiş, yaşayış şəraitləri öyrənilmiş, himayədar və qəyyumlarla söhbətlər aparılmış, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilmişdir. Ümumtəhsil məktəbini bitirən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3 uşaq ali məktəbə daxil olmuşdur.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına əsasən 5 məktəbəqədər, 18 ümumtəhsil, 2 idman, 2 musiqi məktəbi, 2 uşaq xəstəxanası, 1 lisey olmaqla 30 uşaq müəssisəsində dövri monitorinq keçirilmişdir. Monitorinqlər zamanı uşaqlara qarşı zorakılıq və digər hüquqpozma hallarına rast gəlinməmişdir.
Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizliyin və hüquqpozmaların profilaktikası ilə əlaqədar tədbirlər görülmüş, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, ictimai iaşə obyektlərində spirtli içkilərin və tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satışının qarşısının alınması və yetkinlik yaşına çatmayan uşaqların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralığa, o cümlədən dilənçiliyə cəlb edilməsi, məktəblilərin dərslərdən yayınma hallarının aşkar edilməsi, yetkinlik yaşına çatmayanların əməyindən düzgün istifadə olunmasına nəzarət etmək və digər hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 1656 reyd yoxlaması, müxtəlif mövzularda isə 289 dəfə görüş keçirilmişdir.
Muxtar respublikada uşaqların sayı 120867 nəfər olmuşdur ki, bunlardan da 4212 uşaq 2023-cü il ərzində doğulmuşdur. Körpə ölümü 13 nəfər olmuşdur. 2023-cü ildə muxtar respublikada idarə olunan yoluxucu xəstəliklərə qarşı peyvənd işi həyata keçirilmişdir. Belə ki, peyvənd təqviminə uyğun immunlaşmaya cəlb olunma Hepatit B-2594 uşaq, BSJ-2581 uşaq olmuşdur ki, bu da ümumilikdə, peyvəndləmə səviyyəsinin 98.1% olması deməkdir. Xüsusi ilə qeyd olunur ki, hesabat dövrü ərzində 2083 nəfər peyvənddən yayınmış uşaq peyvəndə cəlb olunmuşdur.
2023-cü ildə yetkinlik yaşına çatmayanlara muxtar respublikanın bütün tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində ödənişsiz tibbi xidmət göstərilmişdir. Uşaqların icbari dispanserizasiyasının təmini məqsədilə 203956 nəfər müayinə olunmuş, onlardan 8677 nəfəri dispanser nəzarətə götürülmüşdür. Hazırda muxtar respublika üzrə dispanser nəzarətinə götürülən uşaqların sayı ümumilikdə 17916 nəfərdir. Həkim təyinatı olmadan narkotik və psixotrop dərmanların satışının qadağan olunması daim diqqətdə saxlanılmış, belə dərmanların uşaqlara ehtiyatla, lazım olan doza və miqdardan həm də qanun çərçivəsində, protokola uyğun təyin olunmasına nəzarət olunmuşdur. Hal-hazırda Naxçıvan Muxtar Respublikasında alkoqolizm, narkomaniya və toksomaniyadan əziyyət çəkən uşaq yoxdur.
Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında aparılan və bütün muxtar respublikanı əhatə edən keratokonus xəstəliyinin skrininqinin aparılması ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq uşaq əhalisinin qeydiyyatı aparılmış, siyahıya alınmış uşaqların qısa müddət ərzində kütləvi skrininqlərə cəlb edilməsi işinə start verilmiş və bugünə kimi 5211 uşaq müayinə olunmuşdur. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən muxtar respublika üzrə 385 uşağa əlillik təyin edilmişdir.
2023-2024-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 52094 şagird təhsil alır ki, bunlardan da 25011-i qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I siniflərinə 1986-sı qız olmaqla 4145 şagird təhsil alır. 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1605-i ali, 907-si isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş və ali məktəblərə qəbul olunan 196 nəfəri 500-700 arası bal toplamışdır ki, bunlardan da 117 nəfəri qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 141 nəfəri isə ali hərbi məktəbə daxil olmuşdur.
Həmçinin 2022-2023-cü tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 20-si “Qızıl”, 24-ü “Gümüş” medala, 32 nəfər fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 76 nəfər fərqlənmə attestatına layiq görülmüşdür. 6 məzun isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür ki, onlardan da 3 nəfəri qızlardır.
2022-2023-cü tədris ilində keçirilən Azərbaycan Respublika fənn olimpiadalarında 1-i qızıl, 2-si gümüş, 2-si isə bürünc olmaqla 5 şagird qalib olmuşdur. İstedadlı şagirdlərin aşkar edilməsi və onlarla işin keyfiyyətinin yüksəldilməsi məqsədilə sınaq-test imtahanlarının, müxtəlif bilik yarışlarının, müsabiqələrin və fənn olimpiadalarının, həmçinin beynəlxalq olimpiada və müsabiqələrin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, şagirdlərin intellektual bacarıqlarını ortaya qoymaq, onlarda tədqiqatçılıq bacarığını və məntiqi inkişaf etdirmək məqsədilə keçirilən olimpiada və müsabiqələrdə, ümumilikdə, muxtar respublika üzrə 5000-ə yaxın şagird iştirak etmiş, onlardan 252 nəfər məktəbli qalib olaraq diplom, fəxri fərman, sertifikat, qızıl, gümüş və bürünc medallarla təltif olunmuşlar.
Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili məqsədilə elmi dərəcəli müəllimlər tərəfindən 2023-cü il ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində 933 saat nümunəvi dərs tədris edilmiş, muzeylərdə isə 58 açıq dərs keçirilmişdir.
Bundan əlavə məktəblilərin yay tətilini səmərəli və maraqlı təşkil etmək məqsədilə məktəbdənkənar təhsil müəssisələrində uşaqlar üçün müxtəlif əyləncəli və intellektual oyunlar, bilik yarışları, ekskursiya və gəzintilər keçirilmiş, ümumilikdə, 287 rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə, 70 şeir, 15 inşa yazı müsabiqəsi, 32 bilik yarışması, 6 kitab müzakirəsi, 4 film nümayişi, 1 intellektual oyun, 1 viktorina, 1 şüşə üzərində bədii işləmə sənəti müsabiqəsi, 3 mental aritmetika, 1 robotexnika, 1 qum sənəti müsabiqəsi, 1 bədii qiraət, 1 əbədi-bədii kompozisiya, 20 dəyirmi masa, 4 ustad dərs, 1 nümunəvi məşğələ, 14 daxili yarışma, 309 tədbir, 3 konsert proqramı və 233 ekskursiya təşkil edilmişdir.
Muxtar respublikada 21951 uşaq idmanla məşğul olur ki, bunlardan da 5767 nəfəri qızlardır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə etmiş, Azərbaycan birinciliyində, Azərbaycan və dünya çempionatlarında, beynəlxalq turnirlərdə 41-i I yer, 39-u II yer, 29-u III yer olmaqla 109 yer qazanmışlar.
Muxtar respublikada idmanın təşkili, inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılmış, uşaq və gənclər arasında 315 birincilik, 16 açıq birincilik, 44 turnir, 37 yoldaşlıq görüşü, 991 yarış, 2 tədbir, 2 müsabiqə, 1 təlim, 22 idman oyunu keçirilmişdir. Keçirilən yarış, görüş, turnir, birincilik, çempionatlıq və digər müxtəlif intellektual oyunlar yarışlarda 14500-dən çox uşaq iştirak etmişdir.
Ötən tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini müxtəlif ixtisaslar üzrə 762 nəfər bitirmişdir ki, bunlardan da 67 nəfər fərqlənmə şəhadətnaməsi almış, 2023-2024-cü tədris ilində isə müvafiq məktəblərə müxtəlif ixtisaslar üzrə 1053 şagird qəbul olmuşdur.
Həmçinin uşaq kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən “Nağıl günü” ilə bağlı 434 tədbir keçirilmiş, uşaqlara 154 bədii film, 31-i xeyriyyə olmaqla ümumilikdə 234 tamaşa göstərilmişdir.
Hesabat dövrü ərzində uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə və təbliğat işinin aparılması diqqətdə saxlanılmışdır. Belə ki, müvafiq sahə ilə bağlı maarifləndirici verilişlər hazırlanmış və keçirilən tədbirlər televiziya, radio vasitəsilə efirə verilmiş, həmçinin muxtar respublika¬nın mətbuat orqanlarında işıqlandırılmışdır.
Ramilə Seyidova 2024-cü ildə də muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması istiqamətində profilaktiki fəaliyyətlərini gücləndirəcək və öz üzərlərinə düşən vəzifələrin icrasını daim diqqətdə saxlayacağını bildirmişdir.
Sonra məruzə ətrafinda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvü S.Cəfərov, Sədərək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının sədri P.Ağayev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış etmişlər .
İclasın sonunda Komissiyanın 2024-cü ilə dair iş planı müzakirə olunmuş, təsdiq edilmiş və iclasın qərarı qəbul olunmuşdur.

 

 

Joomla 1.5