08.11.18 17:21
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/247-2018-11-08-13-24-31.html#sigProId90dfd2ef7b
Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin əhəmiyyətindən danışmışdır.
Keçirilən tədbirdə “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və gələcək nəslə ötürülməsində ailənin böyük rolu vardır. Bu, danılmaz bir faktdır ki, gənc nəsil ailədə necə böyüyürsə, gələcəkdə cəmiyyətdə də tərbiyə aldığı mühitin daşıyıcısı qismində çıxış edir. Ailələrin möhkəm olması üçün ailədə hər iki tərəf ailənin bütövlüyünün qorunması, o ailədə böyüyəcək övladların hərtərəfli psixoloji düşüncəyə malik olması üçün çalışmalıdır.
Ailənin daha davamlı olmasının əsas şərtlərindən biri də valideynlər tərəfindən xüsusən də qadınlarımız tərəfindən gənclərə ailə qurmaları ilə əlaqədar düzgün yol göstərməkdən ibarət olmalı, yəni onlara sağlam həyat tərzi aşılamalı, ailə qurarkən gənclərin ailənin mahiyyətini anlaması və buna hazır olması ilə əlaqədar istiqamət verməlidirlər. Komitə sədri qeyd etmişdir ki, həmçinin nikaha daxil olarkən tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.
Ramilə Seyidova qeyd edib ki, aparılan təhlillərə görə Ordubad rayonu üzrə 17837 uşaq vardır ki, bu uşaqlardan da 161-i sağlamlıq imkanları məhdud uşaqlardır. Bu da ümumi uşaqların 0,90 faizini təşkil edir. Muxtar respublika üzrə 1937 sağlamlıq imkanları məhdud uşaqlar vardır ki, bu uşaqların da 8,31 faizi Ordubad rayonunun payına düşür. 161 sağlamlıq imkanları məhdud uşaqdan 109-u anadangəlmə, 52-i isə sonradan qazanılma sağlamlıq imkanları məhdud uşaqlardır. Bu uşaqlardan 64 nəfəri qız, 97 nəfəri isə oğlandır.
Ordubad rayonunun Yuxarı Əylis kəndi üzrə 2 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların 1-i anadangəlmə, 1-i isə sonradan qazanılma sağlamlıq imkanı məhdud uşaqdır. 1 anadangəlmə sağlamlıq imkanı məhdud uşaqda sinir sisteminin xəstəlikləri, sonradan qazanılma sağlamlıq imkanı məhdud uşaqda isə qan dövranı sistemi xəstəliyi aşkar edilmişdir.
Bütün bunlar onu göstərir ki, sağlam ailənin formalaşması üçün tərəflər sağlam həyat tərzi yaşamalı, nikaha daxil olarkən lazımi həkim müayinəsindən keçməli və sonrakı dövrdə də qadınların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
“Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Ordubad rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin – sinir sistemi xəstəliklərinin, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları, gözün və gözün əlavə aparatının xəstəlikləri, psixi pozğunluqlar və davranış pozğunluqlarının yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.