14.11.18 17:02
Naxçıvan Muxtar Respublikasında uşaqlarla bağlı dövlət siyasəti uğurla həyata keçirilir. Muxtar respublikamızda yaşayan uşaqlar, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar daim diqqət mərkəzində saxlanılır, onların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Həmçinin onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi dövlətin diqqət mərkəzində saxlanılır, sosial vəziyyətlərinin yaxşılaşması üçün tədbirlər görülür. Daimi olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən uşaq hüquqlarının qorunması ilə əlaqədar təhsil müəssisələrində, eləcə də valideyn himayəsindən məhrum uşaqların yaşadıqları ailələrdə monitorinqlər keçirilir, onların yaşayış şəraiti, təhsil hüquqlarının müdafiə olunması, sağlamlıqlarının qorunması ilə maraqlanılır və həlli istiqamətində işlər görülür.
08 noyabr 2018-ci il tarixində müvafiq komissiyanın ekspert qrupu tərəfindən Sədərək rayonunun Sədərək kəndində yaşayan valideyn himayəsindən məhrum uşağın evində monitorinq keçirilmiş, yaşayış şəraiti ilə tanış olunmuşdur. Həmin monitorinqdə qeyd olunanlar nəzərə alınaraq, bu gün Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideyn himayəsindən məhrum uşağın yaşadığı aztəminatlı Həsənovlar ailəsində tədbir keçirilmişdir.
Tədbirdə aztəminatlı ailənin üzvlərinə səyyari tibbi xidmət göstərilib, ehtiyaclarına uyğun qış ayaqqabısı, məişət əşyası və ərzaq payı verilib.
Sonda uşağın qəyyumu olan bibisi N.Həsənova dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.