“Yüz il öncə və bu gün: Naxçıvan qadını” mövzusunda konfrans keçirilmişdir

ÇapE-poçt

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə “Yüz il öncə və bu gün: Naxçıvan qadını” mövzusunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin akt zalında konfrans keçirilmişdir.

Konfransı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq bildirmişdir ki, 2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi tamam olur. Cumhuriyyətin 100 illik yubileyinin qeyd olunması və 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncamlar imzalamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” da təsdiq olunmuşdur. Bu il həmçinin Müsəlman Şərqində ilk dəfə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyini qeyd edirik.

Komitə sədri qeyd etmişdir ki, qadınların ilk səsvermə hüququndan ötən 100 illiyində də hər zaman mənəvi keyfiyyətlərinin zənginliyi ilə seçilən qadınlarımız ölkənin mədəni, ictimai və siyasi həyatında fəallıq göstərirlər ki, bu da Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlmişdir.  Tarixin yaddaşına çevrilmiş 1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını,  o cümlədən, Naxçıvan qadınları qısa müddət ərzində bir neçə əsrə bərabər inkişaf yolu keçmiş, cəmiyyətin inkişaf etməsinin səbəbkarı, iştirakçısı olmuş və uğurlar əldə etmişdir.

Ramilə Seyidova bildirmişdir ki, artıq Naxçıvan qadınları yaradılmış bütün imkanlardan istifadə edərək təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edirlər. Bu gün Naxçıvan qadınları parlamentdə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), mərkəzi icra hakimiyyətində - nazir, komitə sədri və müavinləri, yerli icra hakimiyyəti orqanlarında müavin, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində rəhbər vəzifələrdə, biznes strukturlarında, kənd təsərrüfatlarında, orduda, idmanda, hüquq-mühafizə orqanlarında kişilərlə bərabər vəzifələrdə təmsil olunur və dünya elminə layiqli töhvələr verirlər.

Vurğulamışdır ki, muxtar respublikanın təşkil olunduğu 1924-cü illə müqayisədə bu gün qadınların sayı 5 dəfə artaraq 227 min 674 nəfərə çatmışdır ki, bu da muxtar respublika əhalisinin 50,1 faizini təşkil edir. Muxtar respublikada dövlət qulluğunda işləyənlərin 515 nəfəri, yaxud 20 faizi, təhsil sahəsində işləyənlərin 9 min 921 nəfəri, yaxud 66 faizi, səhiyyə və sosial təminat sahəsində işləyənlərin 4 min 493 nəfəri, yaxud 76 faizi, mədəniyyət sahəsində işləyənlərin 2 min 699 nəfəri, yaxud 68 faizi qadınlardır. Ümumiyyətlə, muxtar respublikada işləyən əhalinin 33%-i qadınlardır. Muxtar respublikada 4 min 349 qadın sahibkarlıq fəaliyyəti ilə, 7 min 590 qadın idmanın müxtəlif növləri ilə məşğul olurlar. Həmçinin bələdiyyə üzvü olan qadınların sayı 251 nəfər təşkil edir ki, həmin qadınların da 14-ü bələdiyyə sədridir.

Həmçinin qeyd olunmuşdur ki, muxtar respublika qadınları təhsil sahəsində də fərqlənirlər. Bunun əyani ifadəsi özünü ali və orta ixtisas məktəblərinə qəbulda qızların fəallığının artmasında göstərir. 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayanların 190 nəfərini, yəni 57 faizini qızlar təşkil etmişdir. Hazırda muxtar respublikada elmlər doktorlarının 3-ü, fəlsəfə doktorlarının isə 88-i qadınlardır. Muxtar respublika qadınlarından 23 min 175-i Yeni Azərbaycan Partiyasının üzvüdür ki, onların da 111-i ərazi ilk partiya təşkilatının sədridir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar. Ona görə də muxtar respublika qadınlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, ölkəmiz müstəqillik qazandıqdan ötən müddət ərzində qadınların 153-ü Azərbaycan Respublikasının, 149-u isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş, 132 qadın orden, medal və nişanlarla təltif olunmuş,  2018- ci ildə 3 qız ali təhsil müəssisələrinə yüksək balla  qəbul olunduğu  üçün  Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.

Çıxışının sonunda muxtar respublika qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı olduğunu qeyd edən Ramilə Seyidova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdır.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova “Qadınların seçki hüququ-insan hüquqlarının tərkib hissəsi kimi” mövzusunda çıxış edərək müasir dövrdə ölkəmizdə dövlət qadın siyasəti, qadın-kişi bərabərliyi, qadınlara yüksək dəyər verilməsi, hüquqlarının qorunması, onların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün görülmüş işlərdən geniş bəhs etmişdir.

“Naxçıvan qadınlarının fəaliyyətində təhsilin inkişafı” mövzusunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, “Naxçıvan qadınlarının fəaliyyətində elmin inkişafı” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, “Kütləvi informasiya vasitələrinin inkişafında qadınların rolu” mövzusunda isə Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının üzvü Sara Əzimova ardıcıl olaraq çıxışlar etmişlər.

Çıxışlardan sonra Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Azərbaycan Xalq Cumhuriyyəti və Naxçıvan” mövzusunda hazırlanmış film nümayiş olunmuşdur.

Sonda qadınlara həsr olunmuş və qadınların  nəşr etdirdiyi ümumilikdə 89 müəllifin 189 kitabından ibarət sərgiyə baxış olmuşdur.

Joomla 1.5