29.11.18 18:12
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncama əsasən muxtar respublikanın bütün idarə, müəssisə və təşkilatlarının kollektivlərinin muzeylərə gedişi təmin olunur. Muzeylərin tariximizin, mədəniyyətimizin təbliğ olunmasındakı, insanların maarifləndirilməsindəki rolunu yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.
“Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksində olublar.
Muzeyin bələdçisi muzeyin eksponatları haqqında kollektivə ətraflı məlumat verib. O bildirib ki, böyük ədibin xatirəsinin əbədiləşdirilməsində, onun zəngin irsinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, misilsiz xidmətləri olub. 1982-ci ilin noyabr ayında ulu öndərin təşəbbüsü və böyük qayğısı nəticəsində ölməz şairin nəşi uzaq Sibirdən öz doğma yurduna – Naxçıvan torpağına gətirilib, burada dəfn olunaraq xatirəsi əbədiləşdirilib. 1996-cı ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə ədibin məzarı üzərində əzəmətli məqbərə ucaldılıb.
Görkəmli şair-dramaturq Hüseyn Cavidin ev-muzeyində məlumat verilib ki, bu mədəniyyət müəssisəsi ədibin anadan olmasının 100 illiyi ilə əlaqədar 1982-ci ildə onun yaşadığı evdə yaradılıb. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavid 1919-cu ilə qədər fasilələrlə bu evdə yaşayıb və ölməz əsərlərindən bir neçəsini burada qələmə alıb.
Bildirilib ki, muzeyin fondunda 9 mindən artıq eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş “İblis” və 1934 – cü ildə çapdan çıxmış “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır.