06.12.18 16:38
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/260-2018-12-06-12-39-05.html#sigProIde5e812766e
Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva açaraq belə tədbirlərin əhəmiyyətindən danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda çıxış edərək bildirmişdir ki, ailədə sağlam həyat tərzinin formalaşmasında qadının rolu böyükdür. Hər bir ailədə dünyaya gələn körpəni milli vətənpərvərlik ruhunda böyütmək, milli-mənəvi dəyərləri övladlarına aşılamaq qadının-ananın müqəddəs vəzifəsidir. Ailənin daha davamlı olmasının əsas şərtlərindən biri də valideynlər tərəfindən xüsusən də qadınlarımız tərəfindən gənclərə ailə qurmaları ilə əlaqədar düzgün yol göstərməkdən ibarət olmalı, yəni onlara sağlam həyat tərzi aşılamalı, ailə qurarkən gənclərin ailənin mahiyyətini anlaması və buna hazır olması ilə əlaqədar istiqamət verməlidirlər. Bunun üçün hər şeydən əvvəl valideynlər uşaqlarını zərərli vərdişlərdən çəkindirməli, ailə qurduğu zaman onlara düzgün yol göstərməli, tələsməməyə, tam hazır olduqda bu addımı atmasına icazə verməlidirlər. Komitə sədri qeyd etmişdir ki, həmçinin nikaha daxil olarkən tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.
Ramilə Seyidova qeyd edib ki, aparılan təhlillərə görə Şərur rayonu üzrə 41529 uşaq vardır ki, bu uşaqlardan da 435-i sağlamlıq imkanları məhdud uşaqlardır. Bu da ümumi uşaqların 1,04 faizini təşkil edir. Muxtar respublika üzrə 1937 sağlamlıq imkanları məhdud uşaqlar vardır ki, bu uşaqların da 22,4 faizi Şərur rayonunun payına düşür. 435 (163 qız, 272 oğlan) sağlamlıq imkanları məhdud uşaqdan 216-sı (87 qız, 129 oğlan) anadangəlmə, 219-u (76 qız, 143 oğlan) isə sonradan qazanılma sağlamlıq imkanları məhdud uşaqlardır.
Şərur rayonunun Düdəngə kəndi üzrə 19 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqlardan 2 qız, 7 oğlan olmaqla 9-u anadangəlmə, 2 qız, 8 oğlan olmaqla 10-u qazanılmadır. Anadangəlmə uşaqlardan 4 oğlanda sinir sisteminin xəstəlikləri, 2 qız, 1 oğlanda qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri, 1 oğlanda həzm sisteminin xəstəlikləri, 1 oğlanda psixi pozğunluqlar və davranış pozğunluqları vardır.
Sonra isə “Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Şərur rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin – sinir sistemi xəstəliklərinin, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları, psixi pozğunluqlar və davranış pozğunluqlarının yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.