“Qadınların Dayanıqlı İnkişafı üçün Səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransı keçirilib

ÇapE-poçt

“Duzdağ” oteldə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf proqramının icra etdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender həssaslı icrasında vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində həyata keçirilən  “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransı keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Ramilə Seyidova çıxış edərək bildirib ki, cəmiyyətimizdə qadın missiyasının yüksəldilməsi, onların ölkəmizin iqtisadi potensialının artırılmasında bərabərhüquqlu vətəndaş kimi cəlb olunması ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasətinin nəticəsidir. Bu siyasətin muxtar respublikamızda uğurla həyata keçirilməsinin nəticəsidir ki, qadınların cəmiyyətdə mövqeləri möhkəmləndirilir, dövlət idarəçiliyində təmsilçiliyi və vəzifələrə irəli çəkilməsi təmin edilir, iqtisadiyyat və sahibkarlıq sahəsində qadınların mövqeyi möhkəmlənir. Bu gün muxtar respublikada qeydiyyata alınmış 940 ailə təsərrüfatının 67-si qadınlar tərəfindən idarə olunur. Ailə təsərrüfatlarının yaradılması qadınların məşğulluqlarının təmin olunması ilə yanaşı, onların mikro və makro sahibkarlara çevrilməsində əsas faktordur. Əgər ötən il muxtar respublikada 5478 fiziki, 49 isə hüquqi şəxs olmaqla ümumilikdə, 5527 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul idisə, cari ilin müvafiq dövründə bu rəqəm 6667 nəfər qadına çatıb. Sahibkar qadınlar əsasən istehsal, əczaçılıq, ictimai iaşə sahələri, sənaye materiallarının satışı, lavaş istehsalı və digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər.

Bildirilib ki, muxtar respublikada qadın sahibkarlığının inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir. 2019-cu il ərzində “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi belə tədbirlər içərisində mühüm yer tutur. 2019-cu il 16 aprel tarixində Naxçıvan Biznes Mərkəzində açılışı olan və 12 ay ərzində davam edən layihə çərçivəsində muxtar respublikada bir sıra fəaliyyət növləri həyata keçirilib. Layihə Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilib. Bu layihə Naxçıvan Muxtar Respublikasınının bütün rayon və şəhərlərində, o cümlədən Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Kəngərli, Şərur, Sədərək və Şahbuz rayonları daxil olmaqla icra olunub. Layihənin hədəf qrupu muxtar respublikada yaşayan - öz bizneslərini açmaq və genişləndirmək istəyən qadınlar, xüsusən də sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan qadınlar olub. Ailə və biznes büdcələrinin düzgün idarəedilməsi üçün “Maliyyə Savadlılığı” təlimləri çərçivəsində “Gələcəyini planlaşdır” adlı 8 təlim keçirilmişdir. Təlimlərin 3-ü Naxçıvan şəhərində, 1-i Culfa, 1-i Ordubad, 2-si Şərur, 1-i Şahbuz rayonunda olmaqla 8 təlim Naxçıvan Muxtar Respublikasında keçirilmişdir. Təlimin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunmuşdur.       Həmçinin qadınlara biznes qurmağı və inkişaf etdirməyi öyrədən “Öz biznesinə başla və İnkişaf etdir” adlı 3 günlük təlimdə 67 qadının iştirakı ilə 4 təlim keçirilmiş və iştirakçılara sertifikat təqdim olunmuşdur. “Öz biznesinə başla və İnkişaf etdir” təlimində iştirak edən qadınlar tərəfindən uğurlu biznes planlar tərtib edən muxtar respublikadan olan 63 qadına (o cümlədən 13 sağlamlıq imkanı məhdud qadına) öz ideyalarını reallaşdırmaq üçün 43 min 700 manat dəyərində sərmayə kapitalı verilmiş, həmçinin həmin qadınlarla müvafiq müqavilələr bağlanılmışdır.

Naxçıvan Muxtar Respublikasında layihə çərçivəsində, Naxçıvan şəhərindən 9, Şərur rayonundan 8, Babək rayonundan 14, Culfa rayonundan 9, Ordubad rayonundan 3, Kəngərli rayonundan 6, Şahbuz rayonundan 8, Sədərək rayonundan 6 qadın olmaqla, 63 qadına umumilikdə 43 min 700 manat dəyərində sərmayə kapitalı verilmişdir ki, bunun da 80 faizi qadınlara ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 20 faizi isə toxuculuq, dərzilik, bərbərlik sahəsi ilə məşğul olmaları və ya inkişaf etdirmələri üçün verilmişdir.

Ramilə Seyidova bu layihənin yüksək səviyyədə, uğurla həyata keçirilməsi və layihələrin öz reallığını tapmasına göstərdiyi diqqət, qayğı və dəstəyə görə layihə iştirakçıları olan qadınlar adından və öz adından Naxçıvan Muxtar Respublikasının  Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin (AMFA) Sədri Cəlal Əliyev Avropa İttifaqının və BMT İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi barədə ətraflı məlumat verib. Qeyd edib ki,  bu layihə yeni nəsil maliyyə savadlılığı olan sahibkarların yetişməsinə öz töhfəsini verib. Maliyyə savadlılığı olan sahibkarların yetişdirilməsi isə həm maliyyə institutlarının uzun müddətli, gələcəkdə problemsiz, müştəri qrupu ilə işləməyinə və kiçik və orta bizneslərin daha təkmil, böyük bizneslərə çevrilməyinə təkan verəcəkdir.

Vurğulanıb ki, layihə iştirakçılarının böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Ölkəmizdə kənd təsərrüfatı sahəsində sahibkarların əksəriyyəti kişilər olsa da, bu sahədə onlara daha çox kömək edən qadınlardır.Azərbaycan Mikromaliyyə Assosiasiyası bu layihə çərçivəsində maarifləndirilmə istiqamətində qadın sahibkarlarla işlər aparıb. Onların maliyyə savadlılığı sahəsində, biznesin idarəedilməsi sahəsində bilik və bacarıqları artırılıb. İnanırıq ki, bu layihə Azərbaycanda qadın sahibkarlığının inkişafına töhfə verəcək və regionda yaşayan qadınları sahibkarlıqla məşğul olmağa daha da həvəsləndirəcək.

BMT İnkişaf Proqramının  layihə meneceri Vüsal Behbudov çıxış  edərək   layihənin uğurlu  icrasi və  nəticələri  haqqında  ətraflı  bəhs  etmişdir.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı Direktoru  Jalə Hacıyeva çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında və İsmayıllı rayonunda  icra edilən bu layihə ölkəmizdə dövlət tərəfindən təşviq olunan özünəməşğulluq proqramlarının regionlara çatdırılmasını dəstəkləyir və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına töhvə verir. Daha sonra layihə haqqında məlumat vermiş, lahihənin icra olunmasında iştirak edən hərkəsə minnətdarlığını bildirmişdir.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə meneceri Sevinc Rüstəmova çıxış edərək “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin nəticələri barədə məlumat verib. Qeyd edib ki, layihədə  Naxçıvan Muxtar Respublikası və İsmayıllı rayonunda yaşayan 390 qadın əhatə olunub, bunlardan 47 nəfəri sağlamlıq imkanı məhdud qadınlar, digərləri aztəminatlı ailələrdən olub. 390 qadından 319 nəfəri Naxçıvan Muxtar Respublikasından, 71 nəfəri isə İsmayıllı rayonundan olub.  Bu qadınlar “Gələcəyini Planlaşdır” maliyyə savadlılığı üzrə, “Öz bizensinə başla və inkişaf etdir” təlimlərində iştirak edib və öz biznes ideyalarını biznes planlarda əks etdirməyi öyrəniblər.Uğurlu biznes plan tərtib edən 78 qadına (o cümlədən 13 sağlamlıq imkanı məhdud qadına) öz ideyalarını reallaşdırmaq üçün sərmayə kapitalı verilib. Sərmayə kapitalının 75 faizi kənd təsərrüfatı sahəsinə, 25 faizi isə xalçaçılıq, toxuculuq, konservləşdirmə, təhsil və xidmət sahələrinə yönəlib. Layihə çərçivəsində həmçinin Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Tədris Mərkəzinin əməkdaşlarının Maliyyə Savadlılığı sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimlər keçirilib. Təlimdə 17 nəfər iştirak edib və onlardan gələcəkdə Maliyyə Savadlılığı üzrə təlim keçmək üçün 10 nəfər seçilib. Sevinc Rüstəmova əminliyini bildirib ki, layihə iştirakçıları başqa qadınlara örnək olacaq və bununla da sahibkar qadınların sayı ildən-ilə artacaq.

Çıxış  edənlər  layihənin uğurla  həyata keçirilməsində  göstərdiyi  diqqət  və  dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıqlarını  bildirmişlər.

Layihə iştirakçısı Aygün Bayramova qadınlara  göstərilən  dəstəyə  görə  dövlətimizə  minnətdarlıq etmışdır

Sonra layihə iştirakçılarının start up, gənc sahibkar, uğurlu mikro-biznes nominasiyaları üzrə mükafatlandırılması, təlimçi sertifikatılarının təqdimatı mərasimi,  “Dünənimizdən  bu günə: İqtisadiyyatımız və  qadınlar” haqqında Naxçıvan Muxtar Respublikasının Televiziya  və Radio Verilişləri Komitəsi  tərəfindən  hazırlanmış  video-çarxa baxış olub.

Həmçinin  konfransda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  layihənin  icrasında  göstərdiyi  böyük  dəstəyə  görə   Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən  təşəkkürnamə ilə  təltif  olunmuşdur.

Sonda tədbir iştirakçıları layihə iştirakçısı olan qadınların hazırladığı əl işlərindən və istehsal məhsullarından ibarət  sahibkarlıq  sərgisi ilə tanış olublar və  məhsulların  satışı həyata  keçirilib.

Joomla 1.5