24.07.20 17:10
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə 3,1 min nəfər artaraq 1 iyun 2020-ci il tarixə 460,4 min nəfər olmuşdur. Əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, 2020-ci ilin ötən dövründə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 4,7 nəfər təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir. Bu dövr ərzində əhalinin hər 1000 nəfərinə hesabı ilə ən az boşanma halı da muxtar respublikada qeydə alınmışdır.
24.07.20 17:09
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin altı ayı ərzində muxtar respublikada 100 aztəminatlı ailənin hər birinə yanında balası olan iribuynuzlu, 17 ailənin hər birinə yanında balası olan 20 baş xırdabuynuzlu, 10 ailəyə mini yerşumlayan aqreqat, 3 ailənin hər birinə 10 arı ailəsi, 1 ailəyə dərzi avadanlıqları, 1 ailəyə qaynaq aparatı və plastik boru ütüsü, 1 ailəyə inkubator və quş tükü təmizləyən aparat verilmişdir. Ümumilikdə, 2020-ci ilin altı ayı ərzində 624 nəfər ailə üzvü olan 133 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir. Bundan əlavə, özünüməşğulluğun təmin edilməsi istiqamətində sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilmiş, təsərrüfatlarını nümunəvi inkişaf etdirən 3 ailəyə süd sağımı, 3 ailəyə isə otdoğrayan aqreqatlar verilmişdir.
24.07.20 17:02
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 458 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmiş, 8 nəfərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, 1 nəfərin nəqliyyat xərcinin ödənilməsinə köməklik olunmuşdur. Bundan əlavə, 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 5 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 22 nəfərə “NAZ-Lifan 330” markalı minik avtomobilləri təqdim edilmişdir.
22.07.20 19:16
Muxtar respublikada yaşayan ailələr, o cümlədən gənc ailələr dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunurlar. Belə ki, ailələrin sosial müdafiəsi istiqamətində görülən ardıcıl tədbirlər sayəsində onların maddi rifah halı əhəmiyyətli dərəcədə yüksəlir. Bu da onu göstərir ki, muxtar respublikada ailə siyasətinin əsas prinsipləri uğurla həyata keçirilir.
Muxtar respublikada ailə siyasətinin əsasını gənc ailələrin mənzillə təmin olunması təşkil edir. Gənc ailələrin mənzillə təmin olunması, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, ailələrin daha da dayanıqlı olmasını təmin edir.
Muxtar respublikada mənzillə təmin olunan ailələrdən biri də İsmayıllılar ailəsidir. Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin gənc əməkdaşları - gənc ailə olan Məmmədli Aysun Əsgər qızı və İsmayıllı Razim Rafiq oğluna səmərəli fəaliyyətlərinə görə Babək şəhərindəki yeni yaşayış binasında ikiotaqlı mənzil təqdim edilib. Bu münasibətlə gənc ailə olan Aysun Məmmədlini və Razim İsmayıllını təbrik edir, yeni mənzillərində onlara xoşbəxt günlər, ailə səadəti arzulayırıq.
Gənc ailələrə göstərilən qayğıya görə dövlətimizə minnətdarıq.
22.07.20 19:12
İyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün milli mətbuatımızın yaranmasından 145 il ötür. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə milli mətbuatımızın əsası qoyulmuşdur. Eyni zamanda, 22 iyul dövlətçilik tariximizdə əlamətdar gün kimi qeyd olunur. 1990-cı il iyulun 20-də ümummilli liderimiz Heydər Əliyev Moskvadan Bakıya, iki gün sonra – iyulun 22-də isə Naxçıvana gəlmiş, xilaskarlıq missiyasına buradan başlamışdır.
Ali Məclisin Sədri hər iki əlamətdar gün münasibətilə tədbir iştirakçılarını, onların timsalında muxtar respublikanın bütün mətbuat işçilərini və əhalisini təbrik edib.
Ali Məclisin Sədri deyib: Milli mətbuatımızın əsası 145 il bundan əvvəl qoyulsa da, müstəqil mətbuatımız Ümummilli Liderimizin muxtar respublikaya rəhbərlik etdiyi dövrdə Naxçıvanda yaradılmışdır. Ulu Öndərimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra isə Azərbaycanda mətbuatın inkişafı sahəsində əsaslı işlər görülmüş, dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Ümummilli Liderimizin yolunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti mətbuatın inkişafına da xüsusi qayğı göstərir. Artıq ölkəmizdə xalqının taleyini, dövlətinin bu gününü və gələcəyini düşünən, dünyada gedən prosesləri təhlil edən, milli mənafeyimizi qoruyan mətbuat ordusu formalaşmışdır. Ölkə Prezidentinin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamında da deyildiyi kimi, “Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır”.
Səhifə 238 > 402-dən